kanal1

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir

Tarix:24-01-2022, 08:30
Baxış Sayı:191 588



Xeyirxahlıq nəciblik, mərhəmət, şəfqət və alicənablıq deyil, xeyirxahlıq hər şeydən birinci mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər. Azərbaycan tarixində xeyirxah əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyev məhz belə insanlardan biri olmuşdur. O, cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətləri ilə dövrünün başqa kapitalist və milyonçularından fərqlənirdi. Hacı Zeynalabdin Tağıyevin adı nəcib əməllərlə, insanlara etdiyi xeyirxahlıqla birgə çəkilir. H.Z.Tağıyevin xeyirxah əməlləri illər keçsə də, unudulmur, hər zaman xatırlanır. O, xalqının yolunda bu qədər xeyirxah əməlləri ilə tarixin yaddaşında silinməz izlər qoymuşdur.

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əməlləri doğma Bakımızda hər addımda görünür. Bu da təsadüfi deyil. O neft maqnatı kimi ad çıxarsa da, digər sahələrdə də böyük işlərə imza atmış, Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir. Paytaxtda bir çox tarixi bina, abidələrin tikilməsinə vəsait yatıran daha çox xeyriyyəçiliyi ilə məşhur olan milyonçulardan biri - Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi binalar sırasında Azərbaycan Tarixi Muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Şirniyyat Fabriki, Toxuculuq Fabriki və keçmiş Qızlar Məktəbinin binasını göstərmək olar. Hacı Zeynalabdin Tağıyevin gördüyü böyük işlərdən biri də ilk qızlar məktəbini tikdirməsi olmuşdur. O, 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirmişdir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Daha çox xeyriyyəçilik məqsədilə pul xərcləyən Tağıyevin tikdirdiyi binalar da az deyil. Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura, eksteryer və interyerinə görə fərqlənən Akademik Opera və Balet Teatrının tikintisi üçün bütün xərcləri də Hacı Zeynalabdin Tağıyev ödəmişdir.

Mütərəqqi ideyalarla, xoş arzularla yaşayan H.Z.Tağıyev çoxlu xeyirxah əməllər sahibidir. O, xalqı üçün, ələlxüsus da həmvətənlərinin maariflənməsi naminə əlindən gələn heç nəyi əsirgəməmişdir. Hələ sağlığında haqqında əfsanələr dolaşan milyoner millətin nicatını təhsildə görürdü. Məhz buna görə də, Azərbaycanda müxtəlif təmayüllü məktəblər açdırmış, gəncləri öz vəsaiti hesabına təhsilə cəlb etmiş, xaricə oxumağa göndərmiş, ilk milli teatrın binasını tikdirmişdir. 1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədi ilə külli miqdarda vəsait ödəmişdir. Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonradan öz ölkələrinin, xalqlarının görkəmli nümayəndələri olmuşlar. Ə.Əliyev, N.Nərimanov, Ə.Topçubaşov, N.Yusifbəyli, L.Behbudov, Q.Qarabəyli, B.Cavanşir, M.D.Hüseynov, Ş.Məmmədova H.Z.Tağıyevin köməyi sayəsində təhsil almışlar. O, müsəlmanların mənafeyi ilə ictimai-siyası məsələlərdə daim fəallıq göstərmiş, onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qənizadənin, N.Nərimanovun və b. kitabları çap olunmuşdur.

H.Z.Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alğı-satqısı üzrə əməliyyatlar aparmışdı. H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdir. H.Z.Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olmuşdur. Ən kəskin problem kimi, su problemi Bakı dumasının iclaslarında daha çox müzakirə olunan mövzulardan idi. Yeni təşkil olunan Bakı

dumasının ilk iclaslarında şəhərin su təchizatı məsələsi ilə bağlı məhz H.Z.Tağıyev tərəfindən əməli təklif irəli sürüldü. Şollar-Bakı kəməri H.Z.Tağıyevin maliyyə vəsaiti hesabına tikilərək 1917-ci il yanvarın 22-də işə salınmışdır. Şollar-Bakı su kəmərinin gerçəkləşməsində böyük xeyriyyəçinin rolu danılmazdır. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildən çoxdur ki, Bakı əhalisinin su ilə təminatında əhəmiyyətli rol oynayır.

Şübhəsiz, H.Z.Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O, özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. Bu gün də böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmış, böyük xeyriyyəçinin şərəfinə fondlar, diplomlar təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “İçərişəhər” metrostansiyasının qarşısında H.Z.Tağıyevin heykəli ucaldılmışdır. Bu hadisə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük xeyriyyəçinin əməllərinə verdiyi yüksək qiymətləndirmənin baris nümunəsidir. H.Z.Tağıyev həyatı, fəaliyyətləri ilə hər bir insana nümunə ola biləcək şəxsiyyətdir.

İlhamə Xudazarova,

Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO