kanal1

Görəsən “Koroğlu qalası”nda “Çöpçü Sahibə”yə niyə “dur” deyilmir?

Tarix:20-02-2023, 10:09
Baxış Sayı:612 900


















Hər kəsə məlumdur ki, qədim zamanlardan azyaşlı uşaqları çöpçüyə aparmaq, sanki dəb şəkilini alıb. Həmin vaxt çöpçülük fəaliyyəti ilə məşğul olan şəxs uşağın ağzından “çöpü”, yəni badamcıqların arxasında qalan yeməyin qalıqlarını çıxarmaq üçün, var gücü ilə azyaşlının ağız və burun nahiyəsinə üfürür. Hal-hazırda tam əksəriyyət çöpçülərin əməllərini fırıldaqçılıq əməli kimi də qəbul edirlər. Əslinə baxsan çöpçünün uşağın ağız və burun nahiyəsinə üfürüməsi, birbaşa azyaşlının həyatını təhlükə altında qoyması deməkdir. Çünki, məşhur terapevt həkim Məlahət xanım Abbasova mediaya açıqlamasında qeyd edib ki, “İnfeksion xəstəliklərin hamısı, demək olar ki, hava-damcı yolu ilə insandan insana keçir. Bu da o deməkdir ki, əgər çöpçü xəstədirsə, deməli o, “çöp”ünü çıxartdığı uşağı da həmin xəstəliyə yoluxdurur. Yəni, çöpçü üfürdüyü zaman nəfəs və ağız suyu azyaşlının ağzına düşür və beləliklə həmin xəstəlik uşağa da ötürülür”. Məlahət xanım onu da deyir ki, “Dünyanın heç bir yerində belə müalicə növü yoxdur və çöpçülüklə məşğul olanlar, bir növ sehrbazdırlar”. Azərbaycanın baş pediatrı, K. Fərəcov adına Elmi -Tədqiqat Pediatriya İnistitutunun direktoru Nəsib Quliyev də məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, “Yer kürəsində “çöpçü” adlı sənət növü yoxdur. Belə bir fəaliyyət növü dələduzluqdur, fırıldaqçılıqdır. Dünyanın heç bir ölkəsində, o cümlədən Almaniyada, İngiltərədə və digər ölkələrdə bu cür “ara həkimləri” yoxdur. Əgər bizim uşaqların boğazında çöp qalırsa, o halda sual oluna bilər ki, görəsən ingilis uşaqlarının boğazlarında niyə “çöp” qalmır?
     Əldə etdiyimiz müəyyən məlumatlara görə, belə bir fəaliyyət növü ilə məşğul olmaq hüquqi baxımdan yolverilməzdir. Bütün bunlara baxmayaraq, hal-hazırda Bakı şəhərində, ayrı-ayrı şəhər və rayonlarda, digər yaşayış məntəqələrində və s. neçə-neçə şəxslər belə bir fəaliyyət növü ilə məşğul olurlar və onlar çoxlu sayda azyaşlıların həyatlarını təhlükə altında da qoyurlar. Uzun illərdir ki, Bakı şəhəri, Binəqədi rayonunun “Şamaxinka” adlanan ərazisində, sanki “Koroğlu qalası” deyilən dağ zirvəsində çöpçülük fəaliyyəti ilə məşğul olan Sahibə xanım adlı qadın var ki, o da belə bir fırıldaq əməli ilə məşğul olmaqdadır. Məsələnin düşündürücü tərəfi odur ki, adı çəkilən bu xanım uzun illər ərzində bu cür çirkin əməl növü ilə məşğul olsa da, indiyə kimi ona bir kimsə “qaşın üstə qara var” deməyib, yaxud da bu yöndə “risk”ə getməyib. Belə bir halın varlığı, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Hər kəsi şoka sala biləcək məsələ ondan ibarətdir ki, Sahibə xanım sahib olduğu iyrənc əməlindən yenə də əl çəkmir və o, azyaşlılardan “çöp çıxarıram” deyib, açıq-aşkar şəkildə təhlükəli infeksiyaların yayılmasına da səbəb olur.
      Onu da qeyd edək ki, Sahibə xanımın yanına gələn “kliyent”lər elə hallar olur ki, onun yaşadığı mənzilə giriş qapısından deyil, məhz arxa qapıdan xəlvəti yolla daxil olurlar. Bu cür addımlar onu söyləməyə əsas verir ki, hal-hazırda Sahibə xanım “minbir oyun”un oyunçusuna çevrilib. Daha düşündürücü halın varlığı isə, bu xanımın hüquqazidd əməlləri barədə Binəqədi RPİ, 7-ci Polis bölməsi rəhbərliyinin, hətta ərazi üzrə sahə müvəkkili vəzifəsini daşıyan polis əməkdaşının da lazımınca məlumatlı olması, amma bu xanıma qarşı bir kimsənin hansısa tədbirini görməməsidir.   
  Sahibə xanımın fəaliyyəti ilə bağlı apardığımız araşdırmalar zamanı bəlli oldu ki, “Çöpçü Sahibə” adı ilə məşhur olan bu xanım gün ərzində təqribən 20-35 nəfər azyaşlıdan “çöp” çıxarır və bunun müqabilində dolanışığını lazımi səviyyədə təmin etməyi də bacarır. O halda meydana bəzi suallar çıxır ki, görəsən Sahibə xanımın sağlamlıq durumu necədir? Yəni, onun belə bir fəaliyyət növü ilə məşğul olmasına hansısa qurum icazə veribmi? Yaxud da o, belə bir fəaliyyət növü ilə məşğul olması üçün hansısa ixtiyara sahibdirmi? Digər tərəfdən o, əldə etdiyi gəlirlərin qarşılığında dövlətə vergi ödəyirmi? Ödəyirsə hansı əsasla ödəyir, yaxud da hansı hesaba köçürür? Əgər ödəmirsə, o halda aidiyyatı dövlət qurumları onu niyə cəzalandırmırlar?  Məsələnin maraqlı tərəfi odur ki, sağlamlığın necədir deyə Sahibə xanıma sual verdikdə o,“Sağlamlığım barədə tibbi arayışım var, amma həmin arayışı bir kimsəyə göstərə bilmərəm” deyə cavab verir. O halda media nümayəndəsi olaraq hər kəsdə müəyyən şübhələr baş qaldırır ki, görəsən gün ərzində neçə-neçə azyaşlının ağız və burun nahiyəsinə üfürməklə “çöp” çıxaran Sahibə xanım, nədən əldə etdiyi sağlamlıq arayışını hər kəsdən gizlədir?. Deməli, torbada hansısa “pişik” var ki, Sahibə” adı ilə məşhur olan bu xanım, hal-hazırda belə bir addımlarını atır.
  Bütün bunlar onu söyləməyə əsas verir ki, Sahibə xanım  “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutub, bu gün nə qanun, nə də ki, qayda sayır. O halda sual oluna bilər ki, görəsən “Koroğlu qalası”na bənzər mənzilində, hansı ki, “Şamaxinka”nın uca zirvəsində çöpçülük fəaliyyəti ilə məşğul olan bu xanıma, niyə “qaşın üstə qara var” deyən tapılmır? Bəlkə o, xüsusi imtiyaza sahib olan toxunulmaz şəxsdir?
 Mövzunu diqqətdə saxlayacağıq.

“Caliber”: “Ermənistan Azərbaycanla sülhü pozur” - VİDEO
“Caliber”: “Ermənistan Azərbaycanla sülhü pozur” - VİDEO
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb
İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb
İşğal siyasətinin ilk qurbanı - Bağanis-Ayrım soyqırımından 33 il ötür
İşğal siyasətinin ilk qurbanı - Bağanis-Ayrım soyqırımından 33 il ötür
ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb
ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb
Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər
Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər
“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”
“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”
Apreldə 12 gün iş olmayacaq
Apreldə 12 gün iş olmayacaq