kanal1

“Nə Rusiya, nə Qərb – özümüz oturub danışaq”

Tarix:7-11-2023, 15:30
Baxış Sayı:33 142



Bu günlərdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı maraqlı bəyanat verib. Deyib ki, Moskva Bakı və İrəvan arasında münasibətlərin nizamlanması üçün hər iki tərəflə əlaqədədir və hazırda sülh sazişi hazırlanır. Patruşevin sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərilib.

Rusiyanın yüksək ranqlı rəsmisinin sözügedən açıqlamasını maraqlı edən iki səbəb var: birincisi, hazırda Bakı ilə İrəvan arasında sülh danışıqları aktiv fazada deyil. Xeyli müddətdir ki, tərəflər arasında canlı təmaslar olmayıb, görüşlər keçirilməyib. Eyni zamanda, tərəflər bir-birini sülhdən yayınmada ittiham edir. İkincisi, Moskvanın vasitəçiliyi ilə sülh sazişinin hazırlanması məlumatını niyə Rusiyanın xarici işlər naziri yox, Təhlükəsizlik Şurasının katibi verir?

Bəzi ekspertlər bildirirlər ki, bu kimi sualların açıq qalması Patruşevin bəyanatının həqiqətə uyğun olub-olmamasını şübhə altına salır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, bu, bir növ Azərbaycana və Ermənistana qarşı təhdiddir:

- Azərbaycan-Ermənistan sülh danışıqlarının modeli əsasında bölgədəki münasibətlər Rusiyanı qane etmir. Ona görə ki, Rusiyanın konkret hədəfləri var. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yalnız Rusiyanın vasitəçiliyi ilə imzalanmalıdır. Bu halda Moskva öz şərtlərini ortaya qoyacaq. Bu da olacaq təxminən 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatın təkrarı. Məsələn, Rusiya təklif edəcək ki, Ermənistanla Azərbaycanın sərhədlərini Rusiya qorusun. Bununla bəyan edəcək ki, sülhə təminat verir. Müddət də göstərəcək ki, 5 il, yaxud 10 il sərhədi rus hərbçiləri qorusun. Məqsəd bölgədə qalmaqdır.

İkinci hədəf Qarabağla bağlıdır. Bu gün Qarabağın dağlıq hissəsində erməni qalmayıb. Ermənistan cəmiyyətinin özündə belə, ermənilərin Qarabağa geri qayıtması məsələsi müzakirə predmeti deyil. Amma Rusiya sülhməramlıları çıxmaq niyyətində görünmür və bəyan edir ki, 2025-ci ilədək oradadırlar. Sual olunur: orada niyə qalırlar, kimi qoruyurlar, hansı sülhməramlı missiya həyata keçirirlər?! Demək, məqsəd aydındır, bölgədən çıxmamaq.

Üçüncü və ən əsas hədəf Zəngəzur dəhlizidir. Dəfələrlə bildirmişik ki, Zəngəzur dəhlizi daha çox Rusiyaya lazımdır. Çünki bu dəhliz Rusiyanın Yaxın Şərqə çıxışıdır. Ona görə də Rusiyadan sülh sazişi ilə bağlı verilən bəyanatlar həm Bakıya, həm də İrəvana xəbərdarlıq xarakterlidir.

- Maraqlı məqam odur ki, sülh sazişi barədə Rusiyanın xarici işlər naziri yox, Təhlükəsizlik Şurasının katibi bəyanat verir...

- Bu da tərəflərə təzyiq xarakterlidir. Ümumiyyətlə, Patruşev bu məsələlərə aidiyyəti olmayan bir şəxsdir. Bəli, Rusiyanın xarici siyasət doktrinası da, hərbi doktrinası da Təhlükəsizlik Şurasında hazırlanır, müzakirə olunur, qəbul edilir. Etiraf etmək lazımdır ki, Patruşev sıradan fiqur deyil, odioz fiqurdur. Amma məsələ burasındadır ki, “Azərbaycan-Ermənistan sülh müqaviləsinə Patruşevin nə dəxli var” sualı aktuallığını qoruyur. Mən bu bəyanatda təhdid görürəm.

- Niyə və nəyə təhdidi nəzərdə tutursunuz?

- Görünür, Rusiya burada Azərbaycandan çox Ermənistanı hədəfə alıb. Düzdür, təhdiddə biz də pay sahibiyik, amma İrəvana təhdidin miqdarının daha çox olduğu üzə çıxır. Baxın, rəsmi Bakı faktiki olaraq Avropa Birliyinin, yəni Brüsselin sülh danışıqları ilə bağlı vasitəçiliyini rədd etdi. Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar üçün nə Qranadaya getdi, nə də Brüsselə. İndi real təhlükə var ki, Paşinyan da danışıqlar üçün Moskvaya getməsin. Bu, o deməkdir ki, hər iki qütbün - həm Qərbin, həm də Rusiyanın sülhlə bağlı vasitəçilik rolu arxa plana keçir, əhəmiyyətini itirir. Bu halda Bakı və İrəvan prosesi ikitərəfli platformaya keçirə bilər, yəni öz aralarında danışa bilər, sazişi imzalaya bilərlər. Hər iki ölkə üçün də, ümumilikdə bölgə üçün də ən ideal variant budur.

Nəzərə almaq lazımdır ki, Bakı ilə İrəvan arasında danışıqların vasitəçisiz aparılması fikri də artıq səsləndirilib. Azərbaycanın Baş naziri Əli Əsədov bir müddət əvvəl Tiflisdə Paşinyanla görüşdü, danışıqlar apardı. Sanki vasitəçilərsiz danışıqlara hazırlıq gedir. Eyni zamanda, Gürcüstanın tərəfləri görüşdürməsi, Tiflisdə Əliyev-Paşinyan danışıqlarının keçirilməsi zaman-zaman gündəmə gətirilir. Yəni biz yeni prosesin başlanğıcını görürük - nə Qərb, nə Rusiya vasitəçilik etsin, biz özümüz oturub məsələmizi həll edəcəyik. Bu format yenə deyirəm, ən ideal formatdır. Bu gün Azərbaycanla Ermənistanın öz aralarında razılaşmaq imkanı daha çoxdur, nəinki vasitəçilərlə. Dəxli yoxdur, istər Qərb olsun, istərsə də Rusiya, onların vasitəçiliyi onların özlərinin maraqlarına uyğun olacaq, Azərbaycanla Ermənistanın maraqlarına yox. Təbii ki, bu formatı Rusiya qəbul etmir, bu formata hazırlıq Moskvanı qıcıqlandırır.

- Vasitəçilərsiz danışıqlara əzəli vasitəçilər - Rusiya və Qərb imkan verərmi?

- Əlbəttə, mümkündür. Rəsmi Bakı və İrəvan üç mərhələdən ibarət sülh danışıqları apara, uğur qazana bilərlər. Birinci görüş Tiflisdə, ikinci görüş Bakıda, üçüncü görüş isə İrəvanda keçirilir. Bununla da dünyaya mesaj vermək olar ki, "çox sağ olun, sizə minnətdarıq, uzun illər əziyyət çəkdiniz, vasitəçilik etdiniz, nəticə olmadı. Biz də öz məsələlərimizi öz aramızda artıq həll etdik". Vəssalam, bunu etmək lazımdır.

Bəli, vasitəçilər buna qarşı çıxacaqlar. Proses çətin olacaq. Təbii ki, Bakı və İrəvanın bu addımına qarşı daxili təxribatlar olacaq, müharibə təhrikçiliyi olacaq. Eyni zamanda, hər iki ölkədə ictimai-siyasi gərginlik yaradılmasına cəhdlər ediləcək. Bu ehtimallar sözsüz ki, var. Amma düzgün daxili siyasi münasibətlər qurmaqla bunun qarşısını almaq mümkündür. Daxili sabitliyi təmin edən mexanizmlər işləyən dövlətə xaricdən müdaxilə asan deyil. Hər bir ölkənin daxili sabitliyinə nəzarət edən onun hakimiyyətidir. Hakimiyyətlə cəmiyyət anlaşma şəraitində olduqda, hakimiyyət siyasi opponentləri ilə anlaşma şəraitində olduqda onun daxilində hansısa ciddi təlatümlər törətmək ehtimalı sıfıra düşür. Bəli, terror aktı törətmək olar, amma o zaman da bunun hansı qüvvə tərəfindən törədildiyi ortaya çıxarılır, sübut edilir. Bundan sonra da həmin qüvvələr terrorda ittiham edilir. Bu gün hansı qüvvənin terrorda rəsmi ittiham edilməsinin mahiyyətini deməyə ehtiyac yoxdur. Bütün hallarda, hər istəyə, tərəflərin iradəsinə bağlıdır.

- Məsələn, Bakı və İrəvanın ikilikdə danışması, sülhə gəlməsi ilə razılaşmayan Rusiya daha da irəli gedə, müharibəyə əl ata bilərmi?

- Heç kim bunu istisna etmir. Amma unutmayaq ki, Azərbaycan Ukrayna kimi tənha deyil. Ukrayna Rusiyanın təcavüzkar müharibəsinədək tənha buraxılmışdı. Hətta müharibənin ilk aylarında ABŞ Avropanı inandıra bilmirdi ki, Ukraynaya dəstək vermək lazımdır. Lakin Azərbaycanın təbii və real müttəfiqləri var. Xüsusilə, Azərbaycanın Türkiyə kimi müttəfiqi, qardaş ölkəsi var. Bu yaxınlarda Azərbaycanda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirildi. Bu təlimlər üçün Türkiyə yenidən öz aviasiyasını gətirdi. Türkiyə ordusunun təlim keçirdiyi, dislokasiya olunduğu Azərbaycana Rusiya hücum edə bilməz. Bu gün Ukrayna bataqlığında boğulan, ağır problemlər içərisində çabalayan, Yaxın Şərqdə başını itirən Rusiya Türkiyə ilə qarşıdurmaya gedəcək?! Bu, NATO ilə açıq müharibəyə getmək deməkdir. Demək istəyirəm ki, özümüzü bu qədər də zəif düşünməyək. Xəritəyə baxıb fikirləşməyək ki, Rusiya böyükdür, bizi məhv edər. Döyüş prosesi real prosesdir və burada xəritədəki böyüklük əhəmiyyətsizdir. //AYNA//

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Adamda istəyə bax: Notariusdan çox "kommersant" olan Daxil Kərimov hakimlik iddiasına düşüb
Adamda istəyə bax: Notariusdan çox "kommersant" olan Daxil Kərimov hakimlik iddiasına düşüb
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO