kanal1

Ağdamın işğalı

Tarix:20-11-2023, 13:36
Baxış Sayı:34 958



                                                                   
      Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.   Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.   
     Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin   5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunacaqdır.    Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.  Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
 
 
 
 

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO