kanal1

DTX-nin saxladığı fransızın məhkəməsi başlayıb - Fərhad Əhmədovdan rüşvət istəyirlərmiş

Tarix:20-06-2025, 08:38
Baxış Sayı:46 767

DTX-nin saxladığı fransızın məhkəməsi başlayıb - Fərhad Əhmədovdan rüşvət istəyirlərmiş


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycanda saxlanılan, külli miqdarda rüşvət alma və digər cinayətlərdə ittiham olunan Fransanın məşhur “SAUR” şirkətinin vitse-prezidenti, Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın Bakıda məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Anass Derraz həm ingilis, həm də fransız dilli tərcüməçi ilə təmin edib.

Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Anass Derraz Mərakeşin Kasablanka şəhərində anadan olub. Həm Fransa, həm də Mərakeş vətəndaşıdır. Evlidir və iki azyaşlı övladı var. "SAUR" beynəlxalq şirkətinin vitse-prezidentidir. Həmin şirkət Dubayda qeydiyyatdadır.

Daha sonra məhkəmədə işin baxışa verilməsi müzakirəyə çıxarılıb.

A.Derraz prosesin təxirə salınmasını xahiş edib: "Sizdən xahiş edirəm ki, cinayət işinə xitam verilsin və iş ibtidai araşdırmanı həyata keçirən orqana qaytarılsın. 11 aydır övladlarımdan uzağam və ölkəmə qayıtmaq istəyirəm".

Onun vəkili bu məsələ ilə bağlı vəsatətin təmin olunmasını xahiş edib.

Məhkəmə müşavirədən sonra qərara alıb ki, vəsatət təmin edilməsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Məhkəmənin baxış iclası iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

Qərarın əsası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər