kanal1

Ərdoğan Makrona "dəmir yumruq" göstərdi: Türkiyə Fransanı Qafqazdan da qovur

Tarix:11-12-2023, 09:18
Baxış Sayı:17 252

Ərdoğan Makrona "dəmir yumruq" göstərdi: Türkiyə Fransanı Qafqazdan da qovur


Rəsmi Ankara Paşinyan hakimiyyətinə Fransanın Ermənistanı xilas edə bilməyəcəyinin açıq mesajını verir... Fransaya da xəbərdarlıq edilir ki, rəsmi Ankara ona Cənubi Qafqazda hərbi-siyasi təxribatları davam etdirmək şansı tanımaq niyyətində deyil...
Cənubi Qafqazda regiondan kənar dövlətlərin və beynəlxalq qurumların davranışları sülh prosesinə əngəl yaratmaqda davam edir. Əsas problem ondan ibarətdir ki, regiondan kənar güclər bütün vasitələrlə yalnız öz maraqlarına uyğun situasiyanın yaradılmasına cəhd göstərirlər. Bu məqsədlə də regional sülh prosesini bloklamağa çalışırlar. Və nəticədə Cənubi Qafqaz hərbi-siyasi qarşıdurma məkanı olaraq, qalmaqda davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev də regiondan kənar dövlətlərin sülh prosesinə bloklayıcı müdaxiləsi barədə bir neçə dəfə açıqlama verib. Dövlət başçısı hətta bu müdaxilələr olmayacağı təqdirdə, yekun sülh sazişinin imzalanması üçün münbit şərait yarana biləcəyini vurğulayıb. Və bu baxımdan, rəsmi Bakının Ermənistanla vasitəçilərin kənar təsirləri olmadan birbaşa ikitərəfli təmaslar üzərindən müzakirələr aparmaq istəyi tamamilə başadüşüləndir.

Əslində, Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı son anlaşma da ikitərəfli müzakirə formatının daha effektiv olduğunu sübuta yetirdi. Üstəlik, bu anlaşma sayəsində Azərbaycan və Ermənistan hətta öz müstəqillik tarixlərində ilk dəfə olaraq, beynəlxalq məkanda da bir-birinə dəstək vermək barədə razılığa gələ bildilər. Məhz belə bir nəticədən sonra Paşinyan hakimiyyətinin təmsilçisi də sülh prosesində beynəlxalq vasitəçilərin öz geopolitik maraqlarını daha ön plana keçirdiklərini açıq mətnlə etiraf etdi. Və bu baxımdan, ikitərəfli təmaslara radikal-revanşist erməni müxalifətinin etirazlarının məntiqsiz olduğunu vurğuladı.

Təbii ki, bütün bunlar pozitiv məqamlardır. Ancaq bu istiqamətdə hələlik daha intensiv hərəkət məkanı yaratmaq olduqca çətindir. Çünki kənar müdaxilələrin qarşısını almaq üçün Cənubi Qafqazda geopolitik maraqları olan bütün beynəlxalq güclərin regional sülh prosesində iştirakını bloklamaq lazımdır. Halbuki, bu, indiki situasiyada demək olar ki, mümkün deyil. Və bunun əsas səbəblərindən biri də məhz Ermənistanın öz beynəlxalq himayədarlarından birbaşa asılı vəziyyətə düşməsi ilə bağlıdır.

Məsələ ondadır ki, ABŞ və Qərb Rusiya ilə beynəlxalq savaşda Ermənistan ərazisini əsas qarşıdurma poliqonu kimi seçib. Böyük ehtimalla bu geopolitik qarşıdurma hələ uzun müddət davam edəcək. Rusiya Cənubi Qafqazdan çıxmaq barədə düşünmür. Kreml ABŞ və Qərbin bu məqsədlə atdığı bütün addımlara müqavimət göstərməyə çalışır. Və bu səbəbdən də, regional sülh prosesi də müəyyən mənada, bu qarşıdurmanın girovuna çevrilmiş kimi görünür.

Digər tərəfdən, Fransa Cənubi Qafqazda yeni müharibə təhlükəsinin əsas qaynağı funksiyasını öz üzərinə götürdüyünü demək olar ki, gizlətmir. Afrika qitəsindən qovulmuş Fransa Cənubi Qafqaza yerləşmək cəhdləri ilə itirilmiş beynəlxalq nüfuzunu bu regionda geopolitik mövqelər ələ keçirtməklə kompensasiya etməyə cəhd edir. Rəsmi Paris Fransanın geopolitik maraqlarını təmin edəcək regional alət rolunu isə məhz Ermənistanın üzərinə yükləyib.

Fransa Cənubi Qafqazda öz maraqları naminə bütün vasitələrdən istifadə etməklə, yeni savaş vəziyyəti yaratmağa cəhd göstərir. Rəsmi Paris Ermənistanın yekun sülh sazişini imzalamasını bloklayır. II Qarabağ savaşında məğlub ölkə statusunda olan Ermənistanı yenidən gücləndirmək missiyasını da öz üzərinə götürüb. Rəsmi Paris Ermənistana müasir hərbi texnika və silah-sursat göndərməkdə davam edir. Və bu, rəsmi İrəvanı sülh sazişinin imzalanması prosesini ləngitməyə stimullaşdırır.

Rəsmi Bakı artıq bir neçə dəfə Fransaya bu barədə sərt xəbərdarlıq edib. Azərbaycan dövləti Fransanın yeni regional müharibəyə sponsorluq etməsinin törədə biləcəyi nəticələr ilə bağlı sərt mesajlar verib. Fransanın davranışları ucbatından Ermənistanın yaxın gələcəkdə daha ağır zərbələr ala biləcəyinə də dolayısı eyhamlar vurub. Və bu, Fransanın əslində, hərbi-siyasi dəstək adı altında Ermənistana ziyan verdiyini göstərir.

Maraqlıdır ki, Rusiya da son vaxtlar Fransanın Cənubi Qafqazda atdığı addımlardan ciddi şəkildə narahatdır. Kreml də Fransanı regional sülh prosesi qarşısında əsas əngəllərdən biri kimi gördüyünü qətiyyən gizlətmir. Üstəlik, Kreml Fransanın müasir hərbi standartlara uyğun olmayan köhnə model silahları Ermənistana daşıdığını da xüsusi olaraq, vurğulayır. Və Ermənistan cəmiyyətini Fransanın "himayə"sinə münasibətdə daha diqqətli olmağa çağırır.

Təbii ki, Fransanın Cənubi Qafqazda rəqibi yalnız Rusiya deyil. Bu sıraya Türkiyəni də əlavə etmək lazımdır. Üstəlik, Türkiyə Fransaya qarşı Rusiyadan daha güclü regional oyunçu hesab olunur. Çünki Rusiyanı Cənubi Qafqaza daha çox tarixi müstəmləkəçilik faktorları bağlayır. Türkiyə isə Rusiyadan fərqli olaraq, bu regionda daha fundamental faktorlar üzərindən yerləşib. Çünki Türkiyənin Azərbaycanla milli-etnik, tarixi və dini ortaqlığı mövcuddur. Üstəlik, rəsmi Ankara son dövrlərdə Azərbaycanla hərbi-siyasi müttəfiqlik anlaşması da əldə edib. Və hazırda Azərbaycan-Türkiyə ortaq hava məkanının yaradılması üzrə hərbi-siyasi, strateji layihənin icrası davam edir.

Bütün bunlar onu göstərir ki, Ermənistana sadəcə, yeni regional müstəmləkəsi kimi yanaşan Fransanın Cənubi Qafqazda Türkiyə ilə rəqabət aparması demək olar, əvvəlcədən məğlubiyyət vəd edən reallıqdır. Rəsmi Paris Azərbaycan-Türkiyə İttifaqı qarşısında Ermənistanın himayə edilməsi üzərindən tab gətirmək şansı o qədər də yüksək deyil. Və zaman keçdikcə, Fransa Türkiyənin preventiv geopolitik zərbələrini daha ciddi şəkildə hiss etməli olacaq.

Əslində, rəsmi Ankara Fransaya yerini göstərməyə artıq başlayıb. Belə ki, son vaxtlara qədər Türkiyə Fransanın Ermənistanı silahlandırmasına daha çox Azərbaycanı bütün məsələlərdə dəstəklədiyini bəyan etməklə, reaksiya verirdi. Rəsmi Ankara Fransaya "qırmızı cizgilər"dən kənara çıxılmasının yolverilməz olduğunu qabardan mesajlar verirdi. Və belə anlaşılır ki, rəsmi Paris Türkiyənin xəbərdarlıqlarından lazımi nəticə çıxarmağı bacarmayıb.

Ona görə də, rəsmi Ankara artıq daha açıq, birbaşa və sərt mövqeyi ön plana çıxartmağa başlayıb. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Cənubi Qafqazda situasiyanı hərbi-siyasi qarşıdurma müstəvisinə yönəltdiyini vurğulayıb. Türkiyə lideri bildirib ki, Fransa Cənubi Qafqazda geopolitik təxribatlar törətməklə məşğuldur. Və bu, Cənubi Qafqaz ölkələri, xüsusilə də, Ermənistan üçün olduqca ağır nəticələr verə bilər.

Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanı Fransanın dəstək vədlərinə uymamağa çağırıb. O, vurğulayıb ki, Ermənistanın gələcək taleyi Fransanın dəstəyindən deyil, məhz Azərbaycanla sülh sazişi imzalayaraq, normal münasibətlər qurmasından birbaşa asılıdır. Bu baxımdan, rəsmi İrəvanın Fransanın yalanlarına və məkrli oyunlarına aldanması Ermənistan üçün baha başa gələ bilər.

Göründüyü kimi, rəsmi Ankara Paşinyan hakimiyyətinə Fransanın Ermənistanı xilas edə bilməyəcəyinin açıq mesajını verir. Fransaya da xəbərdarlıq edir ki, rəsmi Ankara ona Cənubi Qafqazda sərbəst şəkildə öz pozuculuq fəaliyyətini davam etdirmək şansı tanımaq niyyətində deyil. Türkiyə Fransanın bu regionda yerləşmək cəhdlərini bloklamağa hazırlaşdığını da qətiyyən gizlətmir. Və bu baxımdan, prezident Emmanuel Makrona anladılır ki, Türkiyənin olduğu regionda Fransanın mövcudluğu demək olar ki, reallıqdan uzaq məsələdir.(Yeni Müsavat)

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO