kanal1

Hədəf Laçının girişində sərhəd-keçid postudur: Bakı tələsir, Moskva ləngidir - İNCƏLƏMƏ...

Tarix:28-02-2023, 15:30
Baxış Sayı:103 966



Ötən ilin yay aylarının sonunda Qarabağa gələn erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan bir müddətdən sonra qondarma rejimin “dövlət naziri” “postu”na əyləşdirilmişdi. Moskvadan xüsusi təlimatla Xankəndiyə göndərildiyi məlum olan Vardanyan bir sıra təxribatlar törətməklə, təxribatçı bəyanatlar verməklə Ermənistanla Azərbaycan arasında Brüssel danışıqlarında əldə olunan kövrək razılaşmaları da pozmuş oldu.

Vardanyanın Azərbaycan ərazisindəki separatçıların qondarma qurumunda “vəzifə” alması Azərbaycanın ciddi narazılığı ilə müşahidə edildi. Rəsmi Bakı birmənalı olaraq tələb etdi ki, Vardanyan Qarabağdan çıxarılmalıdır. Bəzi dairələr “dövlət naziri” ilə Bakının danışıqlara gedəcəyini güman etsələr də, Azərbaycan Prezidenti bunun üzərindən konkret bəyanatla xətt çəkmiş oldu. İlham Əliyev Qarabağın erməni əhalisi ilə təmasa Bakının hazır olduğunu, amma danışıqların Rusiyadan təlimatla göndərilmiş rus xalqının pulunu oğurlayan milyarderlə olmayacağını açıq şəkildə söylədi.

Bu günlərdə isə Vardanyan qondarma rejimdəki “vəzifəsindən” qovuldu. Bəzi ekspertlər bildirirlər ki, Rusiyanın məkrli planı olan Vardanyanın “postundan” getməsi Azərbaycanın Qərblə anlaşmasının nəticəsidir. Çünki Rubenin “vəzifəsindən” göndərilməsi Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı iştirakı, orada keçirilən görüşlərdən iki gün sonra baş verdi. Nəzərə almaq lazımdır ki, Əliyev Münhendə açıq şəkildə Vardanyanla danışıqlar olmayacağını bir daha bəyan etmişdi.

Bununla yanaşı, vardanyanın göndərilməsini Bakının Moskva ilə anlaşması kontekstində dəyərləndirənlər də var. Bir qrup analitik hesab edir ki, Rusiya-Azərbaycan danışıqları ilə ortaq məxrəcə gəlindi və Kreml “Vardanyan planı”ndan nəyinsə müqabilində imtina etmiş oldu.

DİA.AZ bildirir ki, mövzu ilə bağlı AYNA-nın suallarını təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırıb. Ekspert xatırladıb ki, Vardanyan 110 gün “vəzifədə” oldu:

- Əlbəttə, bizi narahat edən şəxslər deyil, ümumi problemdir. Nəzərə alsaq ki, Vardanyan Rusiyadan gəlmişdi, bir qədər suallar çoxaldı. Bilirik ki, Rusiyadan milyarderlər sadəcə buraxılmırlar. Təcrübədən görmüşük ki, Rusiyadan milyarder özbaşına çıxmır. Belə fikrə düşən ya həbs olunur, ya da öldürülür. Vardanyanın Xankəndiyə gəlişi Kremllə razılaşdırılmışdı. Bizi də narahat edən məhz onun Rusiyadan göndərilməsi idi. Azərbaycan Prezidenti də çıxışında açıq şəkildə bildirmişdi ki, vardanyan Rusiyadan təlimatlandırılıb göndərilmiş adamdır.

- Rusiyanın məqsədi nə idi?

- Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının qarşısını almaq, münaqişənin həlli müddətini uzatmaq idi. Vardanyanın ilk bəyanatı belə olmuşdu ki, Azərbaycanla ancaq yan-yana yaşaya bilərlər, Azərbaycanın tərkibində ola bilməzlər və s. Bu, sülhə xidmət etmirdi və Azərbaycanın milli maraqlarına tamamilə zidd idi. Vardanyan addımları ilə gərginliyi artırırdı ki, bunda da maraqlı onu Xankəndiyə təlimatla göndərən idi – Moskva idi. Xüsusilə, Ruben Qarabağa göndəriləndən sonra Rusiyanın ritorikasında da dəyişiklik vardı. Düzdür, ənənəvi siyasət hər zaman qalır. Amma öz emissarını Xankəndiyə göndərəndən sonra Putinin “Valday”da şantaj xarakterli çıxışı oldu, İrəvana və Bakıya xəbərdarlıq etmiş oldu. Eyni zamanda, bundan əvvəl Ermənistanla Azərbaycan arasında müəyyən razılaşmalar əldə edilmişdi ki, Vardanyanın Xankəndiyə gəlişi ilə bu razılaşmalar pozuldu, təmaslar, görüşlər dayandı. Yenə deyirəm, məqsəd bəlli idi – münaqişənin həllinə imkan verməmək. Rusiyanın başı Ukraynada qarışıqdır, Cənubi Qafqaza diqqət ayıra bilmir. Bu səbəbdən də Vardanyan kimi separat fikirlərlə “silahlanmış” şəxsi pozuculuq üçün bölgəyə göndərmişdi.

- O zaman Vardanyanın “postundan” getməsi Rusiyanın bu pozuculuq siyasətindən imtina etməsi kimi dəyərləndirilməlidir?

- Əlbəttə, xeyr. Vardanyanın “vəzifəsindən” alınması Azərbaycanın qəti tələbinin nəticəsidir. Görünür ki, Rusiya belə davam edilə bilməyəcəyini anlamış oldu. Vardanyanın çıxışından da aydın oldu ki, Bakı tələbində qətidir və onun Xankəndidə qalmasına imkan verilməyəcək.

Bakının uğuru odur ki, bu tələbini yerinə yetirilməsinə nail oldu. Bu vəziyyət bizə bir neçə üstünlük verir. Birincisi, bu, psixoloji təsirdir. Qarabağda siyasətdən kənarda dayanan yerli ermənilər artıq anladılar ki, Kremldən gələn emissar bunları xilas edə bilməz. Əksinə, daha da vəziyyətləri ağırlaşacaq. Bu gün istər enerji təchizatı ilə bağlı, istər gediş-gəlişlə bağlı problemləri yarandı. Yəni Rusiyaya güvən mifi də dağılmış oldu.

İkincisi Rusiyaya anladıldı ki, Qarabağa emissar göndərməklə məsələ həllini tapa bilməz. Eyni zamanda, Azərbaycan buna imkan verməyəcəyini Laçın-Xankəndi yolunda 3 aya yaxındır davam edən aksiyalarla sübut etdi.

Rusiyanın Vardanyanla bağlı planı daha geniş idi, məqsəd təkcə danışıqlara zərbə vurmaq, razılaşmaları pozmaq deyildi. Kreml həmçinin Vardanyanı Qarabağda “qəhrəmanlaşdırıb” İrəvana, Ermənistanın hakimiyyətinin başına transfer etmək niyyətində idi.

- Ola bilərmi ki, Vardanyanın “vəzifəsindən” alınması Bakı ilə Moskvanın razılaşması əsasında baş tutub?

- Təbii ki, diplomatik kanallar vasitəsi ilə də, rəsmi görüşlərdə də Bakının narazılığı Moskvaya çatdırılmışdı, çatdırılırdı. Açıq bəyanatlar da verilirdi ki, Azərbaycan milyarderin Xankəndiyə gəlişindən razı deyil və onun orada qalmasına imkan verməyəcək. Rusiya görünür ki, anladı, Bakının mövqeyindən bir addım da geri çəkilməyəcəyini başa düşdü və bunun Moskvanın öz planlarına zərər vurduğunun fərqinə vardı. Mən buna razılaşma deməzdim, sadəcə Azərbaycanın tələbinə Moskvadan biganə qalınmadığı da demək olar. Kremlin siyasətində bir neçə aspekt var ki, bunu tam dərk etmək də çətindir.

Bütün hallarda isə, Azərbaycanın strategiyası şərtlər üzərində qurulmur. Vardanyanla bağlı tələb yerinə yetirildi deyə, Laçın yolundakı hərəkətlilik əvvəlki vəziyyətə qayıtmamalıdır.

- Bundan sonra hansı addım atılmalıdır?

- Strateji hədəfə hesablanmış siyasət davam etməlidir. Təəssüf ki, bəzi ekspertlər bildirirlər ki, Vardanyan “postundan” getdisə, ekoloqlara yataqlarda monitorinq keçirməyə icazə veriləcəksə, o zaman sərhəddə nəzarət-buraxılış məntəqəsi olmaya bilər. Bu, kökündən səhv yanaşmadır. Bizim strateji əhəmiyyətli məsələmiz Vardanyanın qondarma qurumun “naziri vəzifəsindən” getməsi yox, sərhədimizin başında post qoymağımız, nəzarəti ələ almağımızdır. Özü də bu post Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində, indi aksiya keçirilən ərazidə mülki post yox, Ermənistan-Azərbaycan dövlət sərhədinin başlanğıcında qoyulmalıdır. Bu məsələni də hesab edirəm ki, Rusiya ilə danışıqlar apararaq yoluna qoymalıyıq. Bundan sonra Xankəndiyə daşınan qanunsuz yüklərin, silah-sursatın, separatçıların aparılmasının qarşısı alınacaq. Sadəcə tələb etməliyik ki, beynəlxalq hüquqa uyğun olaraq sərhədimizdə sərhəd-keçid postu qoyulsun. Düzdür, bir müddət bu məntəqə tam olaraq standarlarla fəaliyyət göstərməyəcək, xüsusi rejim tətbiq olunacaq. Məsələn, Qarabağ erməniləri üçün keçiddə qayda bir cür, Ermənistan erməniləri üçün başqa cür olmalıdır və s. Amma gələcəkdə məsələnin tam həlli üçün ilkin addım atılmalıdır.

- Sərhəd-keçid məntəqəsinin quraşdırılması tələbini Azərbaycan Rusiya qarşısında qaldıracaqmı?

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov geniş heyətlə Azərbaycana səfər edib. Əminəm ki, Lavrovla bu məsələ ciddi müzakirə edilib, rəsmi Bakının mövqeyi masaya qoyulub. Hesab edirəm ki, rəsmi Bakı danışıqları intensivləşdirməli, bu məsələni Azərbaycan həll etməlidir. Sərhəddə post məsələsini sürətlə həll etməsək, bizim üçün problemlər qalacaq və bir qədər də artacaq. Onu da düşünürəm ki, bu məsələyə üçüncü tərəf olan Ermənistanı qatmamalıyıq. Çünki İrəvan başlayacaq bəyanatlar verməyə ki, danışıqlar aparılsın, Xankəndi ilə danışıqlar olsun və s. Sərhəd-keçid postunu qoyandan sonra Qarabağ erməniləri ilə danışmaq mümkündür. Yenə deyirəm, bu məsələni tezliklə həll etməliyik ki, strateji hədəfimizin birinə varmış olaq.

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük