Müstəqim Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərdiyi dövrdə rayonun sosial-iqtisadi inkişafına böyük töhfələr vermiş, sakinlərin rifahını yüksəltmək üçün ardıcıl və məqsədyönlü işlər görmüşdür. Onun rəhbərliyi ilə rayon yeni layihələrə imza atmış, həm infrastruktur, həm də sosial sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Müstəqim Məmmədovun rəhbərliyi ilə Tərtərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Yeni yolların salınması, su-kanalizasiya sistemlərinin yenilənməsi, park və istirahət məkanlarının abadlaşdırılması kimi işlər rayonda sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bu işlər Tərtərin müasir, inkişaf edən bir rayona çevrilməsinə səbəb olmuşdur.
Rayonda təhsil və mədəniyyət sahələrində də önəmli yeniliklər həyata keçirilmişdir. Məktəblərin maddi-texniki bazası gücləndirilmiş, yeni təhsil müəssisələri istifadəyə verilmişdir. Gənclərin təhsilə və mədəniyyətə marağını artırmaq üçün müxtəlif tədbirlər, yarışlar və sərgilər təşkil olunur.
Şəhid Ailələri və Qazilərə Xüsusi Diqqət
Müstəqim Məmmədovun fəaliyyətində şəhid ailələri və qazilərə göstərilən qayğı mühüm yer tutur. Rayon rəhbərliyi bu ailələrə dəstək olmaq üçün müntəzəm olaraq görüşlər keçirir, onların problemlərinin həlli istiqamətində addımlar atır. Şəhidlərin xatirəsinə abidələrin ucaldılması və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi onun fəaliyyətində prioritet sahələrdəndir.
Rayonda yeni müəssisələrin açılması və sosial layihələrin həyata keçirilməsi, işsizlik səviyyəsinin azaldılması üçün göstərilən səylər sakinlərin rəğbətini qazanmışdır. Bu addımlar həm rayonun iqtisadi potensialını artırır, həm də sakinlərin rifahını yüksəldir.
Müstəqim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətə sadiqliyini əməli fəaliyyəti ilə sübut edir. Tərtərin inkişafı üçün dövlət tərəfindən ayrılan vəsaitlərdən səmərəli istifadə olunur, ölkə başçısının tövsiyə və tapşırıqları layiqincə icra edilir.
Rayon sakinləri arasında yüksək nüfuza malik olan Müstəqim Məmmədov onların qayğı və problemlərinə xüsusi həssaslıqla yanaşır. Onun mütəmadi olaraq keçirdiyi vətəndaş qəbul günləri, sakinlərlə açıq ünsiyyət qurması, onların problemlərinin operativ həlli istiqamətində göstərdiyi səylər rəhbərliyinin əsas prinsiplərindən birini təşkil edir.
Müstəqim Məmmədovun rəhbərliyi ilə Tərtər rayonu daha böyük uğurlara doğru irəliləməkdədir. Onun fəaliyyəti həm dövlətə, həm də vətəndaşlara olan sədaqətin və xidmətin parlaq nümunəsidir.
Tərtər şəhərində küçələrə asfalt örtüyünün salınması işlərinə başlanılıb
2025-ci ilin ilk günlərindən Tərtər şəhərinin küçələrinin asfaltlanması işlərinə başlanılıb.
Hazırda şəhərin Üzeyir Hacıbəyov küçəsində sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün asfalt örtüyünün salınması işləri aparılır. Əvvəlcə yolun yatağı qum-çınqıl tökülərək xüsusi texnikalar vasitəsi ilə hamarlanır, daha sonra asfalt örtüyü çəkilir. Ümumilikdə küçəyə 2220 kvadrat metr asfalt örtüyün salınması nəzərdə tutulub. Əlavə olaraq küçədə İşıq, qaz, su və telekommunikasiya xətləri də qaydaya salınır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov asfalt örtüyü salınan küçəyə gedərək, görülən işlərlə yerində tanış olub, əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib, sakinlərlə görüşüb. Bildirib ki, sözügedən küçəyə ilk dəfə asfalt örtük çəkilir. Əvvəllər bu yolun yatağı çınqıldan ibarət olub.
Sakinlər görülən işlərdən razılıq edərək, küçədə aparıaln abadlıq işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbəri Borsunlu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Axundov Babək Mehdi oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Borsunlu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Axundov Babək Mehdi oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Görüşdə vətən müharibəsi şəhidi Elman Məmmədovun anası Müşgünaz Məmmədovada iştirak edib.
Qeyd edək ki, şəhid Axundov Babək Mehdi oğlu 1972-ci il aprel ayının 3-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb. 1990-cı ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. SSRİ dağıldıqdan sonra vətənə qayıdıb və 1992-ci ildə “Tərtər özünümüdafiə batalyonu”nda xidmətə başlayıb. Bu batalyonda xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 8-də keçmiş Ağdərə rayonunun Lülǝsaz kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Rayon rəhbəri Borsunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 138 şagirdin təhsil aldığı Borsunlu kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
İcra başçısı ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanda müstəqil ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır. Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları və qiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunub. Təhsilin məzmunu və strukturunda müasir dünyanın tələblərinə uyğun dəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülüb.
Sonra rayon rəhbəri Vətən Müharibəsində ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
Məktəbin kollektivi təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.