
5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı ölkənin kənd təsərrüfatı sistemində təməl rola sahib olan əməkçilərin, suvarma sahəsində çalışan mütəxəssislərin əməyinin tanındığı və dəyərləndirildiyi gündür. Bu əlamətdar gündə, su kimi həyati bir resursu torpağa, kəndliyə, bərəkətə çevirən fədakar rəhbərlərin əməyi ön plana çıxır. Bu sırada xüsusi yer tutanlardan biri Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərovdur.
Şafiq Heydərov uzun illərdir ki, Sabirabad rayonunun suvarma və meliorasiya sistemlərinin düzgün idarə olunmasına, resursların itkisiz və ədalətli bölüşdürülməsinə rəhbərlik edir. Onun fəaliyyət dairəsi təkcə inzibati idarəetmə ilə məhdudlaşmır – o, həm də sahəyə, insanın torpaqda əməyi ilə yaranan dəyərlərə, kəndlinin çörəyinə, bolluğa xidmət edir.
Sabirabad rayonu Azərbaycanın ən məhsuldar əkinçilik zonalarından biridir. Məhz bu bölgədə suvarma sistemlərinin mütəşəkkil idarə olunması, kanalların təmizlənməsi, drenaj sistemlərinin yenilənməsi, təmir-bərpa işlərinin fasiləsiz həyata keçirilməsi kimi mühüm məsələlərin öhdəsindən ustalıqla gələn Şafiq Heydərovun rəhbərliyi bu uğurların əsas sütunlarındandır.
Onun rəhbərlik etdiyi idarə bu gün Sabirabadın onlarla kəndində minlərlə hektar əkin sahəsini suvarmaqla bölgənin ərzaq təhlükəsizliyinə, əhalinin rifahına və kənd təsərrüfatı ixrac potensialına böyük töhfə verir.
Şafiq Heydərovun uğurunun kökündə onun həm texniki biliklərə, həm də insani dəyərlərə əsaslanan idarəetmə tərzi dayanır. O, suvarma texnikasını, qrafiklərini, sistematik yanaşmaları dərindən bilir. Lakin bu yanaşma ona insanla – kəndli ilə – dialoq qurmağı da vacib edir. Şafiq müəllim üçün hər əkinçinin ehtiyacı vacibdir, hər kəndlinin zəhməti qiymətlidir.
Hər mövsüm əvvəli idarə olaraq yerlərdə müşahidələr aparmaq, fermerlərlə görüşmək, su qıtlığına qarşı qabaqlayıcı tədbirlər görmək onun iş prinsipinin əsas hissəsidir. Məhz bu səbəbdən idarənin xidmət etdiyi ərazilərdə suya olan etimad yüksəkdir, narazılıqlar isə minimuma endirilib.
Şafiq Heydərov yalnız peşəkar deyil, həm də mənəviyyatlı bir rəhbərdir. Onun rəhbərliyi dövründə şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə əlaqələr xüsusi qayğı ilə qurulub. O, bu ailələrin sosial vəziyyətini, su və kommunal xidmətlərə dair ehtiyaclarını daim nəzarətdə saxlayır.
Hər bir şəhid ailəsinin qapısını döymək, Qurban və Novruz bayramlarında yardım paylarını şəxsən çatdırmaq, onların torpaq sahələrinin suvarma ilə bağlı problemlərini dərhal həll etmək idarənin gündəlik işinə çevrilib. Bu yanaşma sadəcə bir vəzifə deyil, bir vicdan borcu kimi qəbul edilir.
Qarşıdan gələn Qurban bayramı münasibətilə Sabirabad Suvarma Sistemləri İdarəsində xüsusi hazırlıqlar görülür. İdarənin təşəbbüsü ilə bayram ərəfəsində şəhid ailələrinə, aztəminatlı ailələrə və kimsəsizlərə qurban paylarının çatdırılması, bayram sovqatlarının hazırlanması və mənəvi dəstəyin verilməsi planlaşdırılır.
Şafiq Heydərovun bu münasibətlə səsləndirdiyi sözlər onun insani dəyərlərinə bir daha işıq salır:
"Qurban bayramı insanlığın imtahanıdır – paylaşmaq, yad etməyi unutmaq deyil, xatırlamaqdır. Bu bayramda insan bir daha anlayır ki, hamımız eyni torpağın övladıyıq və bir damcı su kimi bir-birimizə bağlıyıq."
Suvarma sistemi görünməz qəhrəmanlıq tələb edir. Hər damcı suyun yerinə vaxtında çatması, torpağın bərəkətli olması, kəndlinin zəhmətinin boşa getməməsi üçün gündüzlər əməliyyat, gecələr məsuliyyət daşıyan rəhbərlər var. Şafiq Heydərov bu rəhbərlərin öndə gedənlərindəndir.
Bu münasibətlə, 5 iyun peşə bayramı və qarşıdan gələn Qurban bayramı münasibətilə Şafiq Heydərovu və onun rəhbərlik etdiyi kollektivi səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, onun zəhməti su kimi aydın, niyyəti bərəkətli, ömrü isə xalqın duası ilə işıqlı olsun!