
Azərbaycanın tarixi yaddaşında elə günlər var ki, zaman ötsə də, nəsillər dəyișsə də, o günlər öz mənəvi dəyərini heç vaxt itirmir. 8 noyabr – Zəfər Günü məhz belə müqəddəs bir gündür. 2020-ci ildə Azərbaycan Ordusunun möhtəşəm iradəsi, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ilə əldə olunan bu tarixi qələbə illərdir arzusunda olduğumuz torpaqlarımıza azadlıq, millətimizə qürur gətirdi. Hər il bu günü qeyd edərkən, yalnız keçmişi xatırlamırıq, həm də gələcəyin daha güclü, daha qüdrətli Azərbaycanının şahidi oluruq.
Şuşanın azad edilməsi Qarabağ müharibəsinin taleyini dəyişən ən parlaq döyüş mərhələsi, millətimizin gücünü dünyaya göstərən böyük bir dönüş nöqtəsi oldu. Qarlı zirvələrdən ucalan Azərbaycan bayrağı bütün ölkəyə bir mesaj verdi – haqqın qarşısında heç bir güc dayana bilməz. Bu qələbə təkcə torpaq deyil, həm də milli qürurumuzun, mental dəyərimizin, tarixi ədalətimizin geri qaytarılması idi.
Beş il öncə minlərlə insan öz doğma el-obasının həsrəti ilə yaşayırdı. İşğal altındakı hər bir qarış torpaq Azərbaycan insanının ürəyində qanayan yara idi. Bu gün isə həmin torpaqlarda yeni səs-küy, yeni həyat var. Valik Vəlimətov qeyd edir ki, işğaldan azad olunmuş şəhər və kəndlərdə tikilən evlər, qurulan yollar, məktəblər, xəstəxanalar dövlətimizin gücünü və millətimizin yenidən qurma əzmini göstərən ən parlaq nümunələrdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağda tamamilə yeni dövr başlayıb. 30 ilə yaxın viran qoyulan torpaqlar indi çiçəklənmə dövrünü yaşayır. Artıq Zəngilan, Füzuli, Şuşa, Laçın və bir çox rayonlarda insanlar öz evlərinə qayıdır. Dövlət tərəfindən yaradılan müasir infrastruktur, yeni iş yerləri, sosial layihələr, mədəni irsin bərpası bu torpaqlara böyük həyat nəfəsi gətirib.
Valik Vəlimətovun sözlərinə görə, bu gün Qarabağda ucalan hər bina, çəkilən hər yol, salınan hər kənd şəhidlərin ruhuna bir ehtiram, qazilərin fədakarlığına bir təşəkkürdür. Bu torpaqların azadlığı uğrunda qan tökmüş oğullarımızın qəhrəmanlığı gənc nəsil üçün əbədi dərsdir və bu qələbə tarix boyu danılmaz həqiqət kimi yad ediləcək.
Azərbaycan xalqı hər zaman dövlətin yanında olub və bu birliyi 44 günlük müharibə daha aydın göstərdi. Xalq – ordu – prezident birliyi qələbənin təməlidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi və beynəlxalq arenada apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yalnız torpaqlarını azad etmədi, həm də dünya siyasətində öz sözünü dedi. Bu gün Azərbaycanla hesablaşırlar, Qarabağ məsələsindən danışarkən artıq heç kim Azərbaycanın haqlı mövqeyini inkar edə bilmir.
Valik Vəlimətov bildirir ki, Ucar rayonunda da Zəfər Gününün hər il xüsusi təntənə ilə qeyd olunması təsadüfi deyil. Şəhid ailələrinin və müharibə veteranlarının sosial təminatı istiqamətində dövlətin gördüyü işlər bu qələbənin təkcə hərbi deyil, həm də mənəvi qələbə olduğunu sübut edir. Ucarın igid oğulları da bu döyüşün önündə dayanmış, Vətən uğrunda qan tökmüş və qəhrəmanlıq göstərmişdir. Onların adları hər birimizin qəlbində əbədi yaşayır.
Bu gün Zəfər Gününü qeyd etmək sadəcə sevinc deyil, həm də məsuliyyətdir. Qorumaq, inkişaf etdirmək, gücləndirmək – müstəqil Azərbaycanın sabahı üçün əsas öhdəlikdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük layihələr yalnız müharibə sonrası bərpa deyil, həm də ölkənin gələcək inkişaf strategiyasının bir hissəsidir.
Valik Vəlimətov əlavə edir ki, Azərbaycan polisi də bu uğurlu prosesin ayrılmaz hissəsidir. Azad olunmuş ərazilərdə təhlükəsizlik, qayda-qanunun bərpası, insanların rahat şəkildə qayıdışı üçün hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür. Dövlət bütün strukturları ilə birlikdə bu tarixə öz töhfəsini verir və bu iş davam etməkdədir.
Bu gün Qarabağda məktəblərin yenidən açılması, azan səsinin eşidilməsi, üçrəngli bayrağın dalğalanması təkcə bir bölgənin deyil, bütün Azərbaycanın dirçəlişidir. İnşa olunan “Ağıllı kənd” layihələri, yaşıl enerji zonaları, beynəlxalq hava limanları bu torpaqların gələcəyini daha da parlaq edir.
Şuşada keçirilən musiqi festivalları, mədəni tədbirlər, beynəlxalq qonaqların qəbul edilməsi Azərbaycan mədəniyyətinin yenidən bu müqəddəs torpaqlarda canlandığını göstərir. Artıq Qarabağ əvvəlki kimi susqun deyil. Orada həyat var, işıq var, səs var.
Beş il əvvəl qələmlə çəkilən xəritə indi real həyatla doldurulur. Minalanmış ərazilər təmizlənir, kəndlər abadlaşdırılır, turizm və iqtisadiyyat bərpa olunur. Hər yeni açılış, hər yeni infrastruktur layihəsi Zəfərin davam edən bəhrəsidir.
Bu torpaqlara qayıdan hər bir ailənin gözlərində sevinc, amma eyni zamanda qürur var. Çünki artıq heç kimdən asılı olmadan, öz gücümüzlə, öz iradəmizlə azad etdiyimiz torpaqlarda yaşayırıq.
8 noyabr Zəfər Günü – tariximizin şərəfli səhifəsidir. Bu gün bizi birləşdirir, gücləndirir və gələcəyə daha inamla baxmağa imkan verir. Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər – bütün bu adlar artıq qələbə ilə yanaşı çəkilir.
Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi və xalqın dəstəyilə Azərbaycan ədaləti bərpa etdi. Valik Vəlimətovun sözlərinə görə, bu qələbə nəsillər boyunca danışılacaq, məktəblərdə oxudulacaq, tarix kitablarında ən şərəfli səhifə kimi yerləșəcək.
Bu gün Azərbaycan xalqı dünya siyasətində öz imzasını atmış bir dövlətin vətəndaşı olaraq fəxr edir. Hər kəs bilir ki, bu torpaq uğrunda can verən qəhrəmanlar, səngərdə döyüşən igidlər və prezidentinin arxasında dayanan bir millət var.
Zəfərin beşinci ilində Azərbaycan daha güclüdür. Torpaqlarımız azaddır, gələcəyimiz işıqlıdır. Bu qələbə bizim milli qürurumuzdur, birlik simvolumuzdur, tarixi möhtəşəmliyimizdir.
Ucar Rayon Polis Şöbəsinin rəhbəri, polis polkovniki Valik Vəlimətov bütün şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa, xalqımıza isə daim əmin-amanlıq arzulayaraq bildirir: Azərbaycan bu qələbəni unutmayacaq və qoruyacaq. Qarabağ Azərbaycandır – bu həqiqət artıq əbədi yazılıb!