

Azərbaycan tarixində elə günlər var ki, əsrlər keçsə belə unudulmur, yaddaşlardan silinmir. 8 noyabr da məhz bu günlərdən biridir. Bu gün, Azərbaycan xalqının milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin və dövlətçilik ənənəsinin ən parlaq simvoluna çevrilən Zəfər Günüdür. 2020-ci ilin həmin möhtəşəm gününü xalqımız həyəcanla, sevinclə, göz yaşları ilə, fəxarətlə qarşıladı. O gün Şuşanın azad olunması ilə təkcə Qarabağda müharibənin taleyi dəyişmədi, bütün bir regionun taleyi dəyişdi, xalqın gücü və əzmi bir daha dünyaya göstərildi.
Azərbaycan Ordusu öz igidliyi, peşəkarlığı və Vətən sevgisi ilə tarix yazdı. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə həyata keçirilən əməliyyatlar dünya hərb tarixinə unikal hərbi-strateji nümunə kimi daxil oldu. Şuşaya gedən yol qayalardan, dağlardan, qaranlıq gecələrdən keçsə də, o yolın sonunda qələbə, şərəf və zəfər vardı. Xalq bu günə illərlə hazırlaşdı, dövlət bu gün üçün gücləndi, Ordumuz məhz bu an üçün yetişdi. Və nəhayət, həmin gün gəldi – həsrət bitdi, işğal sona çatdı, ədalət bərpa olundu.
Zəfər Günü təkcə hərbi uğurun bayramı deyil, həm də dövlətçilik ideologiyasının, Prezident-Xalq-Ordunun birliyinin parlaq göstəricisidir. Azərbaycan xalqı illərlə səbirlə gözlədi, amma heç vaxt ümidini itirmədi. Çünki bu millətin damarında qəhrəmanlıq qanı axır, bu torpağın hər qarışı uğrunda can verən minlərlə şəhidin ruhu üzərində Vətən daha da ucalır. Məhz bu birlik, bu iradə millətimizə qələbə gətirdi.
Bu gün Azərbaycan artıq işğaldan azad edilmiş torpaqlarını cənnətə çevirir. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Şuşada yeni şəhərlər, binalar, yollar, hava limanları, kəndlər inşa olunur. Bu quruculuq prosesi təkcə binaların tikintisi deyil – həyatın tikintisidir. Illərlə dağıdılmış, yandırılmış torpaqlar bu gün dirçəlir, nəfəs alır, insanların gülüşü və səsi o yurdları yenidən canlandırır. Azərbaycan dövləti bu torpaqlara həyat qaytarır və bu, əslində Zəfərin davamıdır.
Artıq insanlar öz doğma yurdlarına qayıdır. Uşaqlar məktəbə gedir, ailələr yeni evlərinə köçür, kəndlərdə həyat yenidən başlayır. Bu, tarixdir. Bu, Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Dövlət söz vermişdi – “Qarabağ dirçələcək” – və bu gün hamı görür ki, verilən hər söz ardıcıllıqla, sürətlə və qətiyyətlə həyata keçirilir.
Zəfərin beşinci ili xalqımız üçün sadəcə xatirə deyil, həm də gələcəyə inamın ən güclü təcəssümüdür. Artıq Qarabağ yalnız xəritədə deyil, real həyatın içində yenidən doğulur. Dünyada nadir hallarda belə bərpa prosesi bu qədər sürətlə və bu qədər keyfiyyətlə həyata keçirilir. Bu, Azərbaycan modelidir. Bu, güclü liderlik modelidir. Ali Baş Komandan İlham Əliyev bu gün həm regionda, həm də dünyada söz sahibi olan siyasi lider kimi qəbul edilir. Azərbaycan təkcə Qafqazın deyil, beynəlxalq siyasətin də aparıcı ölkələrindən birinə çevrilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirir ki, Zəfər Günü təkcə hərbi-siyasi qələbənin tarixə düşməsi deyil, millətin birliyinin, gücünün və dövlətçilik ənənəsinin zirvəyə qalxmasıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti olmasaydı, bu gün əldə edilən möhtəşəm uğurları təsəvvür etmək belə çətin olardı. Dövlətimizin güclü diplomatiyası, ordumuzun qüdrəti və xalqın dəmir iradəsi bu qələbənin əsasını təşkil etdi.
Seymur Orucov qeyd edir ki, bu gün Qarabağda aparılan tikinti, quruculuq və bərpa işləri təkcə iqtisadi deyil, həm də mənəvi layihədir. Çünki bu torpaqlara həyat qaytarmaq, orada yeni şəhərlər inşa etmək, müasir infrastrukturu bərpa etmək, əslində, xalqın qəlbindəki yaraları sağaltmaqdır. Orada tikilən hər bir bina, çəkilən hər bir yol, salınan hər bir məktəb, açılan hər bir iş yeri Zəfərin davamıdır.
Ağstafa da bu Zəfərdən güc alır, bu qələbədən ilhamlanır. Regionlarda aparılan sosial-iqtisadi inkişaf proqramları, kənd təsərrüfatının genişləndirilməsi, yeni iş yerlərinin açılması dövlətimizin regionlara olan xüsusi diqqətinin bariz nümunəsidir. Seymur Orucovun sözlərinə görə, bu gün Azərbaycanın hər bir vətəndaşı Zəfər Gününü qürurla qeyd edir, çünki bu qələbə təkcə Qarabağlıların deyil, bütöv Azərbaycanın qələbəsidir.
Şəhid ailələri və qazilər bu qələbənin əsas qəhrəmanlarıdır. Dövlət onların hər birinə qayğı göstərir, sosial layihələr həyata keçirir, yeni evlər, təqaüdlər, müavinətlər təqdim olunur. Bu, Azərbaycan dövlətinin öz qəhrəmanlarına olan minnətdarlığının ifadəsidir. Çünki Zəfər şəhidlərin qanı, qazilərin fədakarlığı, əsgərlərin döyüş ruhu ilə əldə olunub.
Bu gün Zəfər marşları səslənir, üçrəngli bayrağımız Şuşanın, Xankəndinin, Laçının, Xocalının, Zəngilanın, Qubadlının səmasında dalğalanır. Bu, təkcə bir bayraq deyil – bu, tarixdir, qürurdur, şəhidlərin ruhudur. Azərbaycan xalqı bundan sonra heç vaxt torpaq itkisi yaşamayacaq, çünki bu millət artıq öz gücünü isbatlayıb.
Tarix göstərdi ki, xalqın arzusu, dövlətin iradəsi və ordunun gücü birləşəndə qarşısında heç bir qüvvə dura bilməz. Zəfərin beş ili keçsə də, hər il bu gün həm sevinc, həm də qürurla qeyd olunur. Bu qələbəni əldə etmək nə qədər çətin idisə, onu qorumaq da bir o qədər vacibdir. Azərbaycan dövləti hazırda təkcə quruculuq işləri aparmır, həm də Qarabağın təhlükəsizliyi üçün ən müasir hərbi-siyasi strategiyanı həyata keçirir.
Ən böyük qələbə isə odur ki, bu torpaqlar boş deyil – insanlar var, həyat var, məktəb var, uşaq səsi var. Bunu görmək xalqın ürəyindəki yaraları sağaldır. Qarabağ artıq təkcə xatirə deyil, reallıqdır. Yaşayan şəhərlər, canlanan kəndlər, qurulan yollar, açılan hava limanları Qarabağın gələcəyinin necə möhtəşəm olacağının sübutudur.
Seymur Orucov bildirir ki, Azərbaycanın bu gün qurduğu güclü dövlətçilik, oturuşmuş ordu və möhkəm iqtisadi əsaslar sayəsində gələcəkdə ölkəmiz daha böyük nailiyyətlər qazanacaq. Zəfər Günü bizə təkcə keçmişi xatırlatmır, həm də gələcəyə daha böyük inam verir. Bu yol hələ davam edir – Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişaf mərkəzlərindən birinə çevriləcək.
Bu gün hər azərbaycanlı qürurla deyə bilər: biz tarix yazdıq. Biz Vətənimizi azad etdik. Biz öz gücümüzü sübut etdik. Zəfərin beşinci ili tamam olsa da, bu qələbə artıq əsrlərin qələbəsidir. Azərbaycan xalqı bu zəfəri heç vaxt unutmayacaq, çünki bu qələbə bizim ruhumuzda, yaddaşımızda, qanımızdadır.
8 noyabr – Zəfər Günü mübarək olsun! Qoy üçrəngli bayrağımız hər zaman azad torpaqlarda dalğalansın. Qoy Azərbaycan xalqı daim birlikdə, güclü və qalib olsun. Vətən sağ olsun, şəhidlərimizin ruhu şad olsun, Qarabağ davamlı olaraq Azərbaycan olsun!