kanal1

Xamenei ABŞ-a meydan oxudu - qonşumuzda savaş hazırlığı

Tarix:22-05-2025, 14:22
Baxış Sayı:57 241



İranın ali dini liderinin açıqlaması nəyin xəbərçisidir?

“İran uranın zənginləşdirilməsi üçün heç kimdən icazə almayacaq”. Bunu İranın ali dini rəhbəri Əli Xamenei deyib.

“Qarşı tərəfə xəbərdarlıq etmək istərdim: vasitəçilər vasitəsilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri boş-boş danışmamağa çalışsınlar. İrana uranı zənginləşdirməyə imkan verməyəcəyinizi söyləmək böyük səhvdir. Bizə heç kimin icazəsi lazım deyil. Növbəti dəfə mən İran xalqına izah edəcəyəm ki, onlar niyə uranın zənginləşdirilməsinə bu qədər diqqət yetirirlər, niyə Qərb, ABŞ və başqaları İranda zənginləşdirmə prosesinin dayandırılmasında israrlıdırlar”, - ölkənin dini rəhbəri bildirib.

Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bundan əvvəl Vaşinqtonun Tehrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmasını tələb etdiyini açıqlayıb. Həmçinin ABŞ Prezidenti Donald Tramp İrana nüvə silahı əldə etməyə imkan verməyəcəklərini söyləmişdi.

İranın ali dini liderinin bu açıqlaması Omanda keçirilən danışıqların üstündən xətt çəkmiş oldu. Bura qədər ABŞ-İran dialoqu gedirdi. Lakin Xameneinin son açıqlaması vəziyyəti xeyli dərəcədə tündləşdirdi. Tramp dəfələrlə bəyan edib ki, İran nüvə silahına sahiblənmək istəsə, onu pis aqibət gözləyəcək.

“Onlara məktub göndərdim və bildirdim ki, ya bir qərar qəbul etməli, ya da bu məsələni müzakirə etməliyik. Əks halda, İranın başına çox pis bir şey gələcək. Mən bunu istəmirəm”, - ABŞ Prezidenti martın 28-də vurğulayıb.

Bu arada, ABŞ kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını göstərən yeni kəşfiyyat məlumatı əldə edib. Məlumatı CNN Amerika rəsmilərinə istinadən yayıb.  Mənbələr bildiriblər ki, İsrailin İranın nüvə obyektinə zərbə endirməsi ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb:  “Tramp tərəfindən müzakirə edilən və İranın bütün uranını əlindən çıxarmayan ABŞ-İran sazişinin perspektivi zərbə ehtimalını artırır”.

Telekanalın qeyd etdiyinə görə, ələ keçirilən İsrail rabitə məlumatları və İsrail hərbi hərəkətlərinin müşahidələri zərbənin hazırlandığını göstərir.

Bu arada rəsmilər bildiriblər ki, İsrail liderlərinin mümkün zərbə ilə bağlı yekun qərar verib-vermədiyi hələ aydın deyil.

Eyni zamanda telekanalın Amerika mənbələrindən biri xəbər verib ki, İsrail liderləri zərbə endirmək qərarına gələrsə, ABŞ yardım göstərməyə hazır olmaq üçün kəşfiyyat məlumatlarının toplanması işini gücləndirir.

Öz növbəsində, digər həmsöhbət qeyd edib ki, Tehran hansısa böyük təxribata əl atmasa, ABŞ çətin ki, İsrailə İranın nüvə obyektlərinə zərbə endirməkdə kömək etsin. Onun sözlərinə görə, İsrail Amerikanın köməyi olmadan İranın nüvə proqramını məhv edə bilməz.

İsrailli mənbə CNN-ə bildirib ki, əgər ABŞ İranla İsrailin qəbul etmədiyi “pis razılaşma”ya gedərsə, İsrail təkbaşına hərbi əməliyyatlar keçirməyə hazır olacaq.

Bəs belə bir vəziyyətdə İranın ali lideri Xameneinin bu açıqlaması nəyin mesajıdır?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimlinin “Yeni Müsavat”a müsahibəsində dediyinə görə, İran dünya siyasətinin nəbzini dəqiqliklə tutur və bəyanatlarını da buna uyğun verir: “Ötən 20 il müddətində biz İranın siyasətində geri çəkilmələri, neytrallığı və hətta ötkəmliyi müşahidə etmişik. Bununla belə, İran heç vaxt teokratik hakimiyyətindən əl çəkməyib, ABŞ isə bəyan edir ki, İranın apardığı siyasət region və dünya üçün təhlükə yaradıb. İran taktiki siyasətində hər zaman dəyişiklik etsə də, strateji məqsədlərini dəyişmir. Xameneinin açıqlaması ABŞ-ın zəif damarını tutduğuna görə hökm kimi səslənir. Özünün dünyanın super gücü olan ABŞ-dan çəkinmədiyini bütün dünyaya bəyan edir. Bu, ABŞ-dan daha çox müttəfiqlərinə, İrana qarşı köklənmək istəyənlərə bir mesajdır. Xamenei İranın hökmranlığını nümayis etdirmək istəyindədir. Suriyadan vurulub çıxarılan İrana bu indi olduqca vacibdir. İran ABŞ-la gərgin və anlaşılmaz münasibətlərindən istifadə edərək özünün siyasi kombinasiyalarını həyata keçirir. Bir növ ABŞ-la münasibətlərindən öz maraqları üçün ustalıqla istifadə edir. İran uranın zənginləşdirilməsini davam etdirir və bunu nüvə silahına yararlı olacaq qədər etmədiyini bildirir. Lakin buna heç bir qarantiya yoxdur. Gorünən budur ki, İran nüvə silahı əldə etməkdə qərarlıdir. Bu niyyətini də çox ustalıqla, gizli və siyasi güclər arasında zamanı-zaman meydana çıxan gərginliklərdən bəhrələnərək həyata keçirir”.

Siyasətçi qeyd etdi ki, ABŞ-ın İrana hərbi zərbələr endirəcəyini iddia etmək çətindir: “İsrailin təkidlərinə baxmayaraq, ABŞ-ın İrana hava zərbələri endirmədiyini, əksinə, danışıqlara başladığını da unutmamalıyıq. Üstəlik, bu günlərdə Qırmızı dənizdə ABŞ-ın zədə almış təyyarədaşıyan gəmisinin İranın zəmanəti ilə oranı tərk etdiyini də yaddan çıxarmamalıyıq. Bütün bunlar ABŞ-İran münasibətlərinin gorünməyən tərəfləridir”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi