
Ukraynanın genişmiqyaslı və güzəştsiz hücumları müharibənin gedişatını kəskin şəkildə dəyişdirib. Belə davam edərsə, Kiyev Rusiya Prezidenti Vladimir Putini aylar ərzində seçim qarşısında qoyaraq ya təslim olmağa, ya da münaqişəni dondurmağa vadar edə bilər.
Bunu “The Sun” yazıb.
Nəşrə danışan hərbi analitiklər deyiblər ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft və qaz infrastrukturuna sistematik zərbələri Kremlin hərbi maşınını tamamilə iflic edə bilər:
“Rejim artıq geniş yayılmış yanacaq çatışmazlığı, elektrik kəsintiləri və rekord sayda işçi qüvvəsi itkisi ilə üzləşib. Bu da hətta Putinin özünü təchizat problemlərini açıq şəkildə etiraf etmək məcburiyyətində qoyub”.
ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces strateji təşəbbüsün tamamilə Ukraynanın əlinə keçdiyinə əmindir. Onun fikrincə, Rusiyanın quru hücum əməliyyatları faktiki olaraq dayandırılıb və Rusiya Qara dəniz donanması artıq əhəmiyyətli təsir amili olmaqdan çıxıb. Bunun əsas katalizatoru yüzlərlə hücum dronundan və uzaqmənzilli raketlərdən istifadə edərək 40 günlük böyük blitskriq olub.
“Əgər bütün imtiyazlı gənclər birdən-birə bu yaşıl rus ordusu formalarını geyinsələr, bu müharibəni dəstəkləmək həvəsi həqiqətən azalacaq”, - Ben Hodces vurğulayıb.
Ekspert Kir Caylzın fikrincə, Krımı saxlamaq Moskva üçün getdikcə qeyri-mümkün hala gəlir.
“Putin getdikcə müharibənin reallıqlarını daha çox ictimaiyyət qarşısında etiraf etməyə məcbur edilir. Bu baxımdan, Ukraynanın reallığı ölkə daxilindəki ruslara çatdırmaq kimi uzunmüddətli məqsədi uğur qazanmağa başlayır”, - o söyləyib.
Ekspert diqqətə çatdırıb ki, mövcud tendensiyalar davam edərsə, Rusiya münaqişəni dondurmağın, döyüşləri davam etdirməkdən daha çox qazanc gətirəcəyi ilə razılaşa bilər.