kanal1

Müharibə İranın ən böyük sirrini üzə çıxardı

Tarix:Bu gün, 14:00
Baxış Sayı:92

Müharibə İranın ən böyük sirrini üzə çıxardı


Rusiya nəşrindən Tehranın hakimiyyət modelinin analizi: "Buna görə davam gətirdilər..."


Rusiya Siyasi Tədqiqatlar və İctimai Təşəbbüslər Fondunun sədri Mixail Yemelyanov “Nezavasimaya qazeta”ya yazdığı məqalədə bir daha İranın siyasi sisteminin ABŞ-İsrail ikilisi ilə müharibədə necə sınağından çıxması mövzusuna toxunub. Musavat.com xəbər verir ki, müəllif ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra regionda yaranmış yeni geosiyasi vəziyyət təkcə hərbi və təhlükəsizlik aspektləri ilə deyil, həm də İranın siyasi sisteminin dayanıqlığı baxımından geniş müzakirə olunduğunu yada salır. Bir sıra rusiyalı siyasi analitiklər hesab edirlər ki, hücumların əsas hədəflərindən biri İranın dövlət institutlarını zəiflətmək və ölkədə hakimiyyət böhranı yaratmaq idi. Lakin onların fikrincə, hadisələrin gedişi bunun əksini göstərib və İranın idarəetmə sistemi gözləniləndən daha davamlı olduğunu nümayiş etdirib.


Qarşıdurma zamanı İranın hərbi obyektləri, nüvə infrastrukturu və komanda mərkəzləri ilə yanaşı, ölkənin siyasi idarəetmə mexanizmləri də ciddi sınaq qarşısında qaldı. Buna baxmayaraq, dövlət aparatının fəaliyyətində iflic yaranmadı, hakimiyyət strukturları işləməyə davam etdi və qərar qəbuletmə prosesi pozulmadı.

Məqalə müəllifi hesab edir ki, müharibənin ən mühüm nəticələrindən biri İran dövlət institutlarının davamlılığının nümayiş etdirilməsi oldu. Onun fikrincə, ABŞ və İsrailin strateji hesablamalarından biri ölkə rəhbərliyində yaranacaq boşluğun siyasi böhran yaradacağı idi. Lakin İran Konstitusiyasında nəzərdə tutulan mexanizmlər bu ssenarinin baş verməsinə imkan vermədi. Müəllif qeyd edir ki, İranın siyasi sistemi yalnız ayrı-ayrı liderlərin nüfuzuna söykənmir. Əksinə, hakimiyyət müxtəlif konstitusion institutlar arasında bölüşdürülüb və bu institutlar fövqəladə şəraitdə də fəaliyyətini davam etdirə bilir. Onun fikrincə, məhz bu xüsusiyyət İranın xarici təzyiqlər qarşısında dayanıqlığını artıran əsas amillərdən biridir.


Bir daha hakimiyyətin ötürülməsi mexanizmi haqda: Amerikadan pis, Rusiyadan yaxşı...


Analizdə xüsusi diqqət İranın ali rəhbərinin seçilməsi proseduruna yönəldilir. Müəllif bildirir ki, İranın ali dini lideri ümumxalq səsverməsi ilə deyil, xalq tərəfindən seçilən Ekspertlər Şurası tərəfindən müəyyən edilir. Bu qurum daimi fəaliyyət göstərdiyindən fövqəladə vəziyyət yaranacağı təqdirdə yeni rəhbərin seçilməsi üçün əlavə seçkilərin keçirilməsinə ehtiyac qalmır. Məqalədə qeyd olunur ki, bu model hakimiyyət boşluğu riskini minimuma endirir və yeni ali rəhbərin legitimliyinin dərhal təmin edilməsinə imkan yaradır. Müəllif hesab edir ki, bu baxımdan İran sistemi bəzi digər dövlətlərlə müqayisədə daha çevik mexanizmə malikdir.


Müəllif müxtəlif ölkələrdə hakimiyyətin varisliyi mexanizmlərini də müqayisə edir. Onun fikrincə, ABŞ-da fövqəladə hallarda hakimiyyətin davamlılığını vitse-prezident institutu təmin edir. Vitse-prezident prezidentlə eyni seçki prosesində legitimlik qazandığından hakimiyyət dəyişikliyi ciddi siyasi böhran yaratmır. Rusiya modeli barədə isə müəllif fərqli mövqe ortaya qoyur. O bildirir ki, ölkə konstitusiyasına əsasən, prezident səlahiyyətlərini müvəqqəti olaraq baş nazir icra etsə də, baş nazir prezident kimi ümumxalq səsverməsi ilə seçilmədiyi üçün onun legitimliyi cəmiyyət və siyasi elita tərəfindən fərqli qiymətləndirilə bilər. Müəllif bunu potensial siyasi risk hesab edir.

Analitik yazının əsas tezislərindən biri də dövlət ideologiyasının roludur. Müəllif qeyd edir ki, müharibədən əvvəl İranda iqtisadi problemlər, sosial narazılıq və etiraz aksiyaları müşahidə olunurdu. Buna baxmayaraq, xarici hərbi təhlükə yarandıqdan sonra cəmiyyət daxilində parçalanma deyil, əksinə, milli həmrəylik meylləri güclənib.

Onun fikrincə, bunun əsas səbəblərindən biri İran dövlətinin İslam ideologiyası üzərində qurulmasıdır. Məqalədə vurğulanır ki, İran Konstitusiyasının 4-cü maddəsinə əsasən, ölkənin bütün qanunları İslam normalarına uyğun olmalıdır. Müəllif hesab edir ki, bu prinsip dövlət institutlarının ideoloji vahidliyini təmin edir və böhran dövrlərində cəmiyyətin səfərbər olunmasına kömək edir. Yazıda İranın seçki sisteminin mühüm elementlərindən biri olan namizədlərin əvvəlcədən yoxlanılması mexanizmi də təhlil edilir. İrana görə, prezidentliyə və digər yüksək dövlət vəzifələrinə namizədlər əvvəlcə Konstitusiyanı Mühafizə Şurasının yoxlamasından keçməlidirlər. Şura onların Konstitusiyaya və İslam Respublikasının prinsiplərinə uyğunluğunu qiymətləndirir.

Müəllif etiraf edir ki, bu sistem siyasi rəqabəti məhdudlaşdıra bilər. Nümunə kimi 2024-cü ildə sabiq prezident Mahmud Əhmədinejad və keçmiş parlament sədri Əli Laricaninin prezident seçkilərində iştirakına icazə verilməməsi göstərilir. Bununla yanaşı, müəllif hesab edir ki, həmin mexanizm siyasi sistemə xarici təsirlərin və ya dövlət ideologiyasına zidd qüvvələrin daxil olmasının qarşısını almağa xidmət edir. Məqalədə ABŞ siyasi sistemi ilə bağlı da maraqlı müqayisə aparılır. Müəllif iddia edir ki, ABŞ qanunvericiliyində namizədlərin rəsmi filtrasiya mexanizmi nəzərdə tutulmasa da, siyasi partiyalar, iri maliyyə qrupları, media və digər təsir mərkəzləri vasitəsilə "qeyri-sistem" namizədlər prosesdən kənarlaşdırılır.


İranda ikihakimiyyətlilik: uydurma iddia, yoxsa...


Analitik yazıda geniş müzakirə olunan məsələlərdən biri də İranın idarəetmə modelində ali dini liderlə prezident arasındakı səlahiyyət bölgüsüdür.

Müəllif hesab edir ki, İranda "ikihakimiyyətlilik" anlayışı doğru deyil. Onun fikrincə, ali dini lider və prezident eyni hakimiyyət pilləsində deyil.

Ali dini lider dövlətin strateji inkişaf kursunu müəyyən edir, silahlı qüvvələrin ali baş komandanıdır, təhlükəsizlik siyasətinə nəzarət edir və əsas dövlət təyinatlarını həyata keçirir. Prezident isə icra hakimiyyətinə rəhbərlik edir, iqtisadiyyat, sosial siyasət, səhiyyə, təhsil, infrastruktur və digər gündəlik idarəetmə məsələlərinə cavabdehdir.

Müəllif hesab edir ki, strateji və operativ hakimiyyət arasında bu cür bölgü dövlət idarəçiliyində balans yaradır.

Məqalənin sonunda müəllif belə nəticəyə gəlir ki, İranın son onilliklərdə beynəlxalq sanksiyalar, iqtisadi təzyiqlər və hərbi risklər fonunda dövlətçiliyini qoruyub saxlaması təsadüfi deyil. Onun fikrincə, bunun əsas səbəbləri hakimiyyətin hüquqi varislik mexanizmləri, dövlət institutlarının davamlı fəaliyyəti, ideoloji birlik və səlahiyyət bölgüsünün nisbətən sabit modelidir.

Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
Müharibə İranın ən böyük sirrini üzə çıxardı
Müharibə İranın ən böyük sirrini üzə çıxardı
Vilayət Eyvazov polislərə tapşırıq verdi
Vilayət Eyvazov polislərə tapşırıq verdi
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub