kanal1

Ərdoğan Putinlə anlaşsa, savaş başlayacaq: Rusiya buna məcbur, ABŞ isə narazıdır

Tarix:1-08-2022, 08:22
Baxış Sayı:8 172

Ərdoğan Putinlə anlaşsa, savaş başlayacaq: Rusiya buna məcbur, ABŞ isə narazıdır


Türkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin, rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyi şübhə doğurmur... Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil...
Musavat.com bildirir ki, Türkiyə dünya məkanında mövqelərini möhkəmləndirməkdə davam edir. Hazırda İstanbul anlaşması dünya mətbuatında əsas müzakirə mövzusudur. Və dünyanın aclıqdan xilas edilməsində böyük önəm daşıyan "taxıl dəhlizi"nin açılmasını nəzərdə tutan bu anlaşma Türkiyənin siyasi-diplomatik qələbəsi hesab olunur.

"The Hill" nəşrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "taxıl dəhlizi"nin əsas ideoloqu olaraq, təqdim olunur. Onun bu nailiyyətinin bəşəriyyət qarşısında tarixi xidmət olduğu vurğulanır. Və bu tarixi xidmətə görə prezident Rəcəb Tayyib Ərdoğanın ən azından Nobel mükafatına layiq olduğu qeyd edilir.

Təbii ki, "taxıl dəhlizi" həqiqətən də Türkiyənin beynəlxalq rəqiblərində qısqanclıq doğuracaq bəşəri nəticədir. Bu nəticənin dünyada Türkiyənin və onun siyasi liderinin nüfuzunu artırdığı inkaredilməz reallıqdır. Rəsmi Ankara indi beynəlxalq məkanda Türkiyənin siyasi iradəsini daha qətiyyətlə diktə etmək imkanına sahibdir. Və "taxıl dəhlizi"nin artıq fəaliyyətə başlamaq üzrə olması bu imkanları daha da artırır.



Məsələ ondadır ki, Ukraynadan taxıl daşıyacaq ilk gəmilər Türkiyəyə artıq avqustun 3-də yola düşəcək. Taxıl ilə doldurulmuş gəmi karvanını pilotsuz təyyarələr müşayiət edəcək. Buna paralel olaraq, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək, taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər. Və rəsmi Ankara daha bir mütərəqqi addımla da diqqəti çəkir. Çünki, Türkiyənin təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər birbaşa aclıqdan əziyyət çəkən Afrikaya - Somali sahillərinə doğru yola düşəcək.

Göründüyü kimi, rəsmi Ankara dünyada siyasi-humanist mövqeyi ilə də ön plana keçməyə başlayıb. Bütün bunlar rəsmi Ankaraya Türkiyənin milli təhlükəsizlik maraqlarını təmin etmək baxımından, əlavə dividentlər qazandırır. Hazırda Türkiyənin bu istiqamətdə kifayət qədər ciddi problemləri mövcuddur.

Türkiyə üçün ən ciddi problem İraq və Suriya ərazisində olan PKK/PYD terror qruplaşmasıdır. Rəsmi Ankara bu problemdən ölkəni qorumaq üçün Türkiyə-Suriya sərhədləri boyunca 30 kilometrlik tampon bölgənin yaradılmasında israrlıdır. Bu məqsədlə Türkiyə Suriyanın sərhəd bölgəsində qısamüddətli antiterror əməliyyatı keçirtməyə hazırlaşır. Və bu barədə niyyətini də rəsmən bəyan edib.

Ancaq Türkiyənin NATO üzrə hərbi müttəfiqi ABŞ və dünyada təklənsə də rəsmi Ankaranın tərəfdaşlıq münasibətlərini qoruduğu Rusiya buna qəti şəkildə qarşı çıxır. Ona görə də, hazırda rəsmi Ankara bu iki dövlətin mövqeyindən ciddi şəkildə narazıdır. Və bu narazılığını da ən yüksək səviyyədə hər iki ölkənin diqqətinə çatdırır.



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında ABŞ və Rusiyanı verilən vədləri yerinə yetirməməkdə suçlayıb. Onun sözlərinə görə, ABŞ və Rusiya PKK/PYD terror qruplaşmasının Türkiyə sərhədlərindən uzaqlaşdırılacağını bildirsələr də, bu məsələ hələ də həll olunmayıb. Və ona görə də, rəsmi Ankara bu problemi Türkiyə ordusunun keçirəcəyi antiterror əməliyyatı ilə nizamlamaq niyyətindədir.

Maraqlıdır ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun sərhəd boyu antiterror əməliyyatına hazırlıq prosesini artıq yekunlaşdırmaq üzrə olduğunu da vurğulayıb. NATO-nun da terrorizmə qarşı mübarizədə Türkiyəyə dəstək verməli olduğunu bildirən xarici işlər naziri antiterror əməliyyatlarına hər an başlaya biləcəklərini deyib: "Türkiyəyə əngəl olmağa çalışırlar, ancaq bir gecə ayılıb, görəcəklər ki, antiterror əməliyyatları başlayıb".

Bütün bunlara baxmayaraq, rəsmi Ankara antiterror əməliyyatları ilə bağlı prosesləri siyasi-diplomatik vasitələrlə nizamlamaq fikrindən hələ tam vaz keçməyib. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni Kreml sahibi Vladimir Putinlə növbəti dəfə müzakirə etmək niyyətindədir. Və Türkiyə liderinin bir neçə gün sonra reallaşacaq Rusiya səfərində bu məsələnin əsas mövzu olacağı ehtimal edilir.

Bəzi iddialara görə, Türkiyənin Rusiyanı antiterror əməliyyatlarına neytral qalmağa inandıra biləcəyi də qətiyyən istisna deyil. Belə ki, "taxıl dəhlizi" ilə bağlı İstanbul anlaşmasına nail olan prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya əlini ciddi şəkildə gücləndirərək gedir. İndi Türkiyə ilə münasibətlərin qorunması, rəsmi Ankaranın narazı salınmaması Kreml üçün olduqca böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində reallaşan "taxıl dəhlizi" Kremlə əlavə manevr imkanları açıb. Bir tərəfdən Rusiya beynəlxalq rəqibləri ilə səhnəarxası "siyasi bazarlıq" faktoru qazanıb. Digər tərəfdən isə idxal-ixrac embarqoları ilə çətin duruma düşən Kreml Rusiya taxıl məhsullarının dünya bazarlarına çıxarılması şansı əldə edib. Və Kreml sahibi bütün bunlara görə borclu olduğu Türkiyə liderini indiki taleyüklü mərhələdə özündən narazı salmaqda maraqlı deyil.



Hətta bəzi Rusiya mənbələri iddia edirlər ki, Kreml sahibi Türkiyə liderinə bir çox məsələlərdə ciddi güzəştlərə belə, hazırdır. Ancaq bunun əvəzində Rusiya prezidenti Türkiyənin daha effektiv strateji tərəfdaşlığına ümid bəsləyir. Xüsusilə də, Kreml sahibi Türkiyə liderindən Ukrayna savaşının Rusiyanın maraqlarına yaxın şərtlər çərçivəsində yekunlaşdırılmasına prinsipial dəstək gözləyir. Və prezident Vladimir Putinin Türk həmkarının bunu bacara biləcək imkanlara, təsir gücünə sahib olduğuna inandığı da bildirilir.

Təbii ki, Kreml sahibi Türkiyə prezidentini narazı salacağı təqdirdə, rəsmi Ankaranın Rusiya siyasətində müəyyən dəyişikliklərin ola biləcəyini də mütləq nəzərə almaq məcburiyyətindədir. Hər halda, Türkiyə üçün prinsipial xarakter daşıyan məsələyə Rusiyanın müqavimət göstərməsi rəsmi Ankaranın sonrakı davranışlarına təsirsiz ötüşə bilməz. Və bu, Rusiya üçün o qədər də məmnunedici nəticələr doğurmaz.

Bütün bunları nəzərə aldıqda, hazırda Türkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyini düşünmək olar. Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil. Və bu, o deməkdir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan öz əsas hədəfinə çataraq, dönəcəyini ehtimal etmək mümkündür.

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan döndükdən qısa müddət sonra Türkiyənin Suriyada antiterror əməliyyatlarına başlaya biləcəyini düşünmək olar. Hətta Kreml buna qarşı çıxmış olsa belə, Türkiyə bu addımı atacaq. Ancaq Kreml sahibi ilə anlaşma bir tərəfdən Rusiyanın neytral qalmasını, digər tərəfdən isə Suriyadakı Əsəd rejiminin baş verənləri indiki kimi etirazla deyil, məhz sükutla müşahidə etməsini təmin edəcək.

“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq
“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq
Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
Bu gün “Qarabağ” Macarıstanda cavab oyununa çıxacaq
Bu gün “Qarabağ” Macarıstanda cavab oyununa çıxacaq
Nazir kapitanı rəis təyin etdi
Nazir kapitanı rəis təyin etdi
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
İlham Əliyev və xanımı Konyada azərbaycanlı idmançılarla görüşüb
İlham Əliyev və xanımı Konyada azərbaycanlı idmançılarla görüşüb
Prezident Türkiyəyə işgüzar səfərə gedib
Prezident Türkiyəyə işgüzar səfərə gedib
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurlayıblar - Dəhşətli qətlin üstü açılır
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurlayıblar - Dəhşətli qətlin üstü açılır