kanal1

Gəncə “İmamzadə ziyarətgahı”nın mütəvəllisi, imamı, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Qərb bölgəsi üzrə qazı, Hacı Tahir Abbasov: “Mehriban xanım Əliyeva – Azərbaycanda tolerantlığın və milli-mənəvi dəyərlərin himayədarı”

Tarix:26-08-2025, 11:07
Baxış Sayı:59 582


Azərbaycanın müasir dövlətçilik tarixində ən önəmli simalardan biri, şübhəsiz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Onun fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük maraqla izlənilir və yüksək qiymətləndirilir. Mehriban xanımın çoxşaxəli fəaliyyətində xüsusilə iki əsas istiqamət diqqəti cəlb edir: tolerantlıq ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin inkişafı.

Azərbaycan qədimdən müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu bir məkandır. Tarix boyu ölkəmizdə müsəlmanlarla yanaşı xristian, yəhudi, digər dinlərə etiqad edən insanlar sülh və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Bu gün də həmin ənənələr dövlət səviyyəsində davam etdirilir və bu siyasətin başlıca daşıyıcılarından biri Mehriban Əliyevadır.

Dünya miqyasında Azərbaycan tolerantlıq nümunəsi kimi qəbul olunursa, bu, dövlət rəhbərliyi ilə yanaşı, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin nəticəsidir. Mehriban xanım müxtəlif dinlərə aid ibadətgahların bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində misilsiz işlər görüb. Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin, Rus Pravoslav kilsəsinin, Quba və Oğuz yəhudi sinaqoqlarının təmiri və yenidənqurulması, eləcə də bölgələrdəki tarixi məscidlərin bərpası bunun bariz nümunələridir.

Eyni zamanda Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə multikulturalizm dövlət siyasətinə çevrilib. Onun UNESCO və ISESCO çərçivəsində gördüyü işlər dünya ictimaiyyətinə Azərbaycanın bu ənənəsini daha yaxından tanıtmağa imkan yaradıb.

Gəncə “İmamzadə ziyarətgahı” kimi müqəddəs ziyarətgahların təmiri və abadlaşdırılması, onların dini həyatın mərkəzinə çevrilməsi Mehriban xanımın diqqətində olan məsələlərdəndir. O, İslam dini dəyərlərinin saf şəkildə gələcək nəsillərə ötürülməsi üçün böyük səy göstərir. Mehriban Əliyeva hər zaman qeyd edir ki, İslam dini mərhəmət, humanizm, xeyirxahlıq və insanlara sevgi üzərində qurulub.

Onun fəaliyyəti nəticəsində ölkəmizdə dini maarifçilik tədbirlərinə geniş dəstək verilir, məscidlər bərpa olunur, dini icmaların fəaliyyəti üçün şərait yaradılır. Bu baxımdan Gəncə “İmamzadə ziyarətgahı” da xüsusi önəm daşıyır. Azərbaycanın qədim tarixi-mədəni abidəsi olan bu müqəddəs məkanın qorunması, abadlaşdırılması və möminlərin istifadəsinə verilməsi dövlətin və xüsusilə də Mehriban xanımın himayəsi ilə mümkün olub.

Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, incəsənət, musiqi, ədəbiyyat, teatr sahələrinin inkişafı üçün mühüm layihələr həyata keçirib. Xalqımızın dahi bəstəkarı Üzeyir Hacıbəylinin, şair Nizami Gəncəvinin, şairə Xurşidbanu Natəvanın yubileylərinin yüksək səviyyədə keçirilməsi, əsərlərinin dünya miqyasında tanıdılması onun təşəbbüsləri sayəsində gerçəkləşib.

Milli-mənəvi dəyərlərə qayğının digər bir istiqaməti də xeyriyyəçilikdir. Şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara göstərilən dəstək, onların sosial rifahının yaxşılaşdırılması daima Mehriban xanımın diqqətindədir. Onun bu istiqamətdə fəaliyyəti həm İslam dininin sosial ədalət prinsipləri, həm də Azərbaycan xalqının milli-mənəvi ənənələri ilə səsləşir.

Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan və böyük hörmət qazanan ictimai-siyasi xadimdir. UNESCO və ISESCO səfiri kimi o, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

Məsələn, Luvr Muzeyində və Versal Sarayında Azərbaycanın mədəniyyətinə həsr olunmuş sərgilərin təşkili, Avropa ölkələrində mədəniyyət günlərinin keçirilməsi Azərbaycanın zəngin tarixi və mədəniyyətinin təbliğində mühüm rol oynayıb. Bu fəaliyyət həm də ölkəmizin tolerantlıq ənənələrinin dünyaya təqdim olunmasına xidmət edir.

Gəncə “İmamzadə ziyarətgahı”nın mütəvəllisi Hacı Tahir Abbasov dəfələrlə vurğulayıb ki, Mehriban Əliyeva İslam dəyərlərinin və dini-mənəvi irsimizin qorunmasında xüsusi xidmətlər göstərib. O, bildirir ki, Mehriban xanım yalnız dövlət rəhbəri kimi deyil, həm də bir Azərbaycan qadını, bir ana kimi cəmiyyətin bütün təbəqələrinə sevgi və diqqətlə yanaşır. Onun fəaliyyəti nəticəsində dini tolerantlıq və milli həmrəylik müstəqillik dövrümüzün əsas dayaqlarından birinə çevrilib.

Mehriban Əliyeva Azərbaycanın müasir dövründə milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq mühitinin möhkəmlənməsi, İslam dini ənənələrinin yaşadılması və dünyaya tanıdılması sahəsində misilsiz xidmətlər göstərib. Onun fəaliyyəti yalnız bugünkü nəsillər üçün deyil, gələcək nəsillər üçün də bir örnəkdir. Mehriban xanım Azərbaycan qadınının zərifliyi ilə yanaşı, dövlət xadiminin qətiyyətini özündə birləşdirən nadir şəxsiyyətlərdəndir.

26 avqust – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Gəncə “İmamzadə ziyarətgahı”nın mütəvəllisi Hacı Tahir Abbasov səmimi təbriklərini çatdırır, ona möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətində uğurlar arzulayır. Mehriban xanımın ölkəmizin tərəqqisi, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ənənələrinin möhkəmlənməsində göstərdiyi xidmətlər daim yüksək dəyərləndirilir. Uca Allah onun ömrünü bərəkətli etsin, xalqımıza və dövlətimizə uzun illər xidmət etməsinə yardımçı olsun.

 


İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
“BYD” qəza törətdi - Piyada öldü
“BYD” qəza törətdi - Piyada öldü
“TikTok”da söyüş söyən şəxs həbs edildi
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Qalibaf Bakıya gəldi
Qalibaf Bakıya gəldi
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?