kanal1

Anar Cəfərov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm uğurlara nail olmuşdur

Tarix:4-04-2022, 10:33
Baxış Sayı:129 390

Anar Cəfərov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm uğurlara nail olmuşdur












Şirvan şəhər, 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Cəfərov - Ali Baş Komandanın rəhbərliyi altında 4 günlük savaşdan 44 günlük şanlı qələbəyə gedən yol. Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.

Aprel döyüşlərində erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı. Əldə olunan məlumatlara görə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, məğlubiyyətin və acizliyin etirafı idi.Lakin Ermənistanın nə o zamankı rəhbəri Sarkisyan, nə də sonrakı rəhbəri Paşinyan, düşmən dövlətin generalları Aprel döyüşlərindən lazımi dərsi çıxara bilmədilər. Ermənistan rəhbərliyi 2020-ci ilin payızınadək yenə də illüziyalarla yaşamağa davam etdi, xalqına yalan vədlər verməklə məşğul oldu.

Aprel döyüşlərini Azərbaycan xalqının şanlı qələbəsinin əsas müjdəçisi də adlandırmaq olar. Bu baxımdan, Prezident İlham Əliyevin “Mən bilirəm, nəyi nə vaxt və necə həyata keçirtmək lazımdır” bəyanatı praqmatik və çevik siyasətin açıqlanması idi. Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 4 günlük savaşdakı uğurlarından və diplomatik üstünlüklərindən 44 günlük müharibədə qələbə qazanmaq üçün ustalıqla yararlandı. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Azərbaycan xalqının bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklər boyu formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi. Uzun illər boyu  xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi.

Bəli, bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza borcluyuq.

Vətənimizin azadlığı uğurunda canından keçən bütün Şəhidlərimizə Allah rəhmət eləsin!

Müstəqil Azərbaycan Respublikasında Prezident postuna keçirilən sayca 8-ci rəsmi seçkidə cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici uğurlu siyasəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib, dövlətimizin qüdrəti və iqtisadiyyatı artıb, Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da güclənib. Dövlət siyasətinin başlıca prioritetlərindən biri xalqımızın rifahı və milli maraqları olmuşdur. Xalqımız görülən işləri yüksək qiymətləndirərək daha təhlükəsiz və inkişafyönümlü gələcəyi seçmişlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da artmışdır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən diplomatik uğurlar və xarici siyasət Azərbaycanın ATƏT, BMT, AŞ kimi təşkilatlarda daha qətiyyətli çıxış etməsinə, beynəlxalq arenada Prezidentin və nümayəndələrin rəyinə daha hörmətlə yanaşılmasına imkan yaratmışdır.

Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verərək xarici qrant, ianə hesabına fəaliyyət göstərən xainlik və dağıdıcılıq məqsədi güdən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən qüvvələrə Azərbaycanın siyasi səhnəsində yeri olmadığını bir daha göstərmiş oldu.

Prezident İlham Əliyevin hakimiyyət illəri tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri isə 13,5 dəfə artıb. Maliyyə imkanlarımız və strateji valyuta ehtiyatlarımız ciddi şəkildə yüksəlmişdir. Azərbaycanın ixracatdakı payı, regionlarda ümumi məhsul buraxılışı, xarici ticarət dövriyyəsi əsaslı şəkildə inkişaf etmişdir. Ölkədə minimum əməkhaqqı 12.9 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə artmışdır. İşsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə qədər enmişdir. Bu dövr ərzində pensiyalar 10 dəfədən çox, maaşlar isə 7 dəfə artmışdır. Ölkəmizin davamlı inkişafı və siyasi sabitliyi daha da yüksəlmişdir.

Azad sahibkarlığa dəstəyi daima diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər vermişdir. Başlıca olaraq qeyri-neft sektorunun inkişafına yönəlmiş bu kreditlər nəticəsində ölkəmizdə minlərlə yeni müəssisə yaradılmışdır.

Prezident İlham Əliyevin hakimiyyəti illərində ölkəmizdə neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi ilə ölkənin gəlirləri daha da artmışdır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması Azərbaycanı qaz ixracatçısına çevirmişdir. 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuş və 2018-ci ildə Türkiyədə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olmuşdur.

Prezident İlham Əliyevin əsas hədəflərindən biri də daima milli maraqların qorunmasına, xalqın milli ideya ətrafında birləşməsinə, vətənpərvərlik ruhunun gənclər arasında daha da təbliğ edilməsinə yönəlmişdir. Cənab Prezidentin hakimiyyəti illərində ordumuz sürətlə inkişaf etmişdir. Böyük zəfərin başlanğıcı hesab olunan Aprel döyüşlərindəki qələbəmiz və 44 günlük Vətən müharibəsindəki Zəfərimiz Ali Baş Komandanın qətiyyətli mövqeyini, Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ordu quruculuğunun necə inkişaf etdiyini göstərir.

2003-cü ildən Azərbaycan Respublikası enerji idxalçısından ixracatçısına çevrilmişdir. Ölkəmizdə bu sahəyə geniş yatırımlar edilmiş, böyük infrastruktur layihələr reallaşdırılmışdır. Son illərdə alternativ enerji sahəsinin ölkəmizdə inkişaf etməsi və xarici investorların bu sahəyə cəlb edilməsi birbaşa ölkə rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir.

Cənab Prezidentin hakimiyyəti dövrü ərzində yol və nəqliyyat infrastrukturunun və su təchizatının inkişafı istiqamətində böyük işlər görülmüşdür. Bu illər ərzində 15 min kilometr yeni yol çəkilişi təmin edilmiş, yeni aeroportlar istifadəyə verilmişdir. Əhalinin içməli su təchizatı ilə bağlı problemləri aradan qaldırılmış, sakinlərin içməli su ilə bağlı təminatı artmışdır. Kənd təsərrüfatının inkişafı üçün bir neçə su anbarı tikilmiş və digər meliorasiya tədbirləri görülmüşdür.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmiz həm daxili, həm də xarici siyasətdə mühüm uğurlara imza atmışdır.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO