kanal1

Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət

Tarix:29-06-2026, 10:04
Baxış Sayı:534

Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət


Azərbaycan Prezidenti İlham Əliyev Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət edib.


“Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.


“Hörmətli iştirakçılar!


Sizi Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.


Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12‑ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.


Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.


Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.


Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı.


Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik.


Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır.


Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.


Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik.


İnanıram ki, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaqdır”, - müraciətdə deyilir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi