kanal1

Kərim Tahirov: Praqa Bəyanatında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiqləndi

Tarix:10-10-2022, 09:38
Baxış Sayı:97 156




M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - “Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri ölkə Prezidentinin şəxsiyyətinə hörmətin, mühüm məsələlərin həllində mövqeyinin və rəyinin xüsusi əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Cənab İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropada sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı zamanı bir daha bu məqama diqqəti yönəltdi ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsipləri əsasdır. Xüsusilə ərazi bütövlüyü prinsipini önə çəkərək bu məsələyə münasibətdə eyni yanaşmanın vacibliyini vurğuladı. Prezident İlham Əliyevin dövlət maraqlarının qorunması, beynəlxalq münasibətlərin inkişafı və yeni istiqamətlər üzrə genişləndirilməsi yönümündə atdığı addımlar təqdir edilir. Ümumilikdə Azərbaycanın həm Qərb, həm də Şərq üçün əhəmiyyəti yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sferasında deyil, təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də ifadə olunur. Azərbaycan yerləşdiyi coğrafi məkana görə dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. 



Ölkəmiz müasir dövrün reallıqları əsasında atdığı addımları ilə bu roluna yeni məzmun gətirir. Artıq iki ildir tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar dünyanın siyasətində də dəyişikliklərə yol açdı. Yeni yaradılan siyasi platformanın- “Avropa siyasi birliyi”nin  məqsəd və məramına diqqət yetirdikdə  qeyd etdiklərimiz özünün aydın ifadəsini tapır. Belə ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etdilər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər.”



Azərbaycanın təməlini qoyduğu milli platformanın – Azərbaycan Milli Şəhərsalma Forumunun ardınca “Avropa siyasi birliyi” beynəlxalq platformanın yaradılması  postmünaqişə dövrünün reallıqlarının təbliğində mühüm rol oynayacaq: “Ölkəmiz bu milli platformanı yaratmaqla istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlavə imkanlar qazanır. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı bütün bu məqamlara işıq saldı. “Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz” söyləyən cənab İlham Əliyev bildirdi ki, 30 ildə daşlar bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb.  Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Eyni vəziyyəti Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayır. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun da səbəbi məlumdur. Ermənistan müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.”

Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, Qarabağı və Zəngəzuru yenidən quracağıq: “Buna heç bir şübhə yoxdur.  Bu, milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir. Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.”



“Avropa siyasi birliyi” Zirvə Toplantısı, toplantı çərçivəsində dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, həmşinin Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq davam edən və iki hissədən ibarət olan dördtərəfli görüşü Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin beynəlxalq səviyyədə qəbulunu bir daha təsdiqlədi. Dördtərəfli görüşün yekununda qəbul edilən Bəyanatda Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar, BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, o deməkdir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiq edildi. Bəyanatda əksini tapan müddəalar dövlət başçısı İlham Əliyevin Azərbaycanın maraqlarını layiqincə qoruduğunu, Ermənistanın isə suveren dövlət olmadığını nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin  Praqa səfəri çərçivəsində Azərbaycan televiziya kanallarına müsahibəsi ölkəmizin beynəlxalq aləmdə artan rolunu, BMT və dünya birliyi tərəfindən tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etməsini,  Qarabağ məsələsinin gündəmdən çıxmasını, dünya birliyinin bu məsələnin Azərbaycanın  daxili işi olmasını  qəbul etdiyini özündə ehtiva etməklə ölkə və beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılmasında  zəngin  mənbədir. Praqa görüşündə Ermənistan növbəti mesajını aldı”.

Son 30 il ərzində Ermənistan tərəfindən Qarabağda və Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqələri, məscidlər, tarixi abidələr dağıdılıb, məhv edilib. Yalnız Şuşa, Laçın və Kəlbəcərin müəyyən hissələrini yaşayış yeri kimi istifadə edən ermənilər, demək olar ki işğal edilən torpaqlarımızın bütün qarışında öz vandal hərəkətlərini nümayiş etdiriblər. Ermənistanın işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizlənməyə məruz qalıb.
Təəssüflə qeyd etmək lazımdır ki, dağıdıcılıq işləri ilə kifayətlənməyən ermənilər I Qarabağ müharibəsindən sonrakı dövrdə işğal edilmiş ərazilərdə nə az, nə çox 1 milyondan artıq mina basdırıblar. Elə bunun nəticəsi olaraq II Qarabağ müharibəsindən sonra bu günə kimi 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
Böyük Zəfərdən sonra çoxsaylı turistlər Şərqi Zəngəzur və Qarabağa səfər edərək həmin ərazilərlə tanış olub, erməni vandalizminin canlı şahidi olublar. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bura cəlb edərək onların Azərbaycanın haqlı mövqeyinə laqeyd yanaşmamalı olduğunu nəzərə çatdırıb. Müharibədən sonra ATƏT-in Minsk Qrupu yenidən məsələnin həllinin öz vasitələri ilə aparılmasına çalışsa da Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Minsk Qrupunun artıq bu məsələdə heç bir rolunun olmadığı bəyan edilib.
Qeyd etmək lazımdır ki, sülh istiqamətində bir neçə dəfə görüşlər, danışıqlar baş tutsa da hər dəfəsində Ermənistan rəhbərliyi bu məsələni uzatmağa çalışır. Ermənistandan fərqli olaraq Prezident İlham Əliyevin  “Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır” deməsi ölkə rəhbərliyinin sülh üçün necə çalışdığına nümunədir.



Bu bir reallıqdır ki, artıq məcburi köçkünlər öz doğma ata-baba torpaqlarına qayıtmaq üçün çox səbirsizlənir. Hər kəs öz el-obasına qayıtmaq istəyir. Sürətlə quruculuq və abadlaşdırma işlərinin aparılması bu məsələnin həllini daha da intensivləşdirir. Böyük Zəfərdən dərhal sonra başlanan quruculuq işləri böyük sürətlə davam edir. Artıq işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin qayıdıb yaşaması üçün bir çox işlər görülür. Tezliklə Qarabağ dünyanın ən abad və gözələ bölgələrindən birinə çevriləcək.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO