kanal1

Vilayət Eyvazov: Sözü də imzası qədər dəyərli Lider

Tarix:24-12-2022, 11:26
Baxış Sayı:130 752

Vilayət Eyvazov: Sözü də imzası qədər dəyərli Lider


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov - Müasir Azərbaycan mövcud inkişaf səviyyəsinə, beynəlxalq proseslərdə tutduğu mövqe, Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə regionda lider dövlət olmaqla yanaşı, dünyada da nüfuzlu bir dövlətə çevrilib. Bu da təsadüfi deyil. Çünki bu uğurlu nəticələrin arxasında ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti dayanır.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun müdrik siyasəti nəticəsində yenicə qazanılan müstəqillik qorunub saxlanıldı, Azərbaycanda xaos və anarxiyaya son qoyuldu, Ermənistanla atəşkəs əldə edildi, ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycan iqtisadi inkişaf və ordu quruculuğu yoluna qədəm qoydu. 1993-2003-cü illəri əhatə edən bu dövr ərzində ölkəmiz mühüm uğurlara imza atdı. Məhz elə buna görə də 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində qədirbilən xalqımız Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevə yüksək etimad göstərdi. Bu etimadın nəticəsində prezident seçilən İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində söylədiyi fikirlər düşünürəm ki, siyasətlə maraqlanan hər kəsin yadındadır: “Azərbaycanda son illər ərzində hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan verib. Əlbəttə, bizim hamımızın borcudur ki, Azərbaycanda yaranmış bu sabitliyi qoruyaq, saxlayaq, möhkəmləndirək. Əgər Azərbaycanda sabitliyin pozulmasına kimsə can atarsa, biz buna imkan verməyəcəyik, Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək. Bu barədə bizim çoxlu planlarımız vardır. Azərbaycanın hər bir sahəsi inkişaf etməlidir. Təbii ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsidir”.

Prezident həmin tarixi çıxışında onu da vurğulayıb ki, neft strategiyasının tərkib hissəsi əldə olunan gəlirlərin Azərbaycan xalqına səmərəli şəkildə xidmət etməsidir: “Hər bir vətəndaş bilməlidir ki, onun ölkəsinin valyuta ehtiyatları nə qədərdir və necə, hansı istiqamətlərə sərf olunur. Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir”.

Artıq Prezidentin bu çıxışından 19 il vaxt keçib və qazanılan bütün uğurlar göz qabağındadır. Bu müddət ərzində dövlət başçısının sosial, siyasi, iqtisadi, hərbi və s. sahələrdə keçirdiyi islahatlar ölkəmizi beynəlxalq reytinq cədvəllərində ön cərgələrə yüksəldib. Daim xalqına söykənən Prezident İlham Əliyev bütün təzyiqlərə, çətinliklərə, problemlərə qətiyyətlə sinə gərərək Azərbaycanı borc alan ölkədən borc verən ölkəyə, qonşulardan dəstək uman dövlətdən köməyə ehtiyacı olanlara yardım edən dövlətə çevirib.

Ötən 19 ildə əsası “Əsrin müqaviləsi” ilə qoyulan enerji strategiyası uğurla davam etdirilib. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri tam reallaşdırılıb, Azərbaycan dünyanın enerji təhlükəsizliyində rol oynayan əsas aktorlarından birinə çevrilib. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi transmilli layihələr bunun bariz nümunəsidir.

Enerji sahəsində olduğu kimi, iqtisadiyyat, kənd təsərrüfatı sahəsində də mühüm uğurlara imza atılıb. Belə ki, Prezidenti İlham Əliyev hakimiyyətin ilk illərindən başlayaraq, ölkədə regionların sosial-iqtisadi inkişafına da xüsusi diqqət yetirib. Təkcə bu istiqamətdə ardıcıl olacaq 4 Dövlət Proqramı həyata keçirilib və onların uğurlu nəticələri göz önündədir. Ötən müddət ərzində həm paytaxt Bakının, həm də Azərbaycan regionlarının siması tamamilə dəyişib, abadlaşıb. Eləcə də kənd təsərrüfatının, aqrar sektorun inkişafı istiqamətində mühüm addımlar atılıb. Azərbaycan insanının maddi-rifah halının, sosial güzəranının yaxşılaşması, iqtisadi göstəricilərin, əmək haqqı, pensiya və digər sosial ödənişlərin artması da dediklərimizi təsdiq edir.

Ən əsası isə Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini yerinə yetirərək 30 il işğal altında qalan torpaqlarımızı azad edib. Hamımıza məlumdur ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunması idi. 30 ilə yaxın müddətdə düyünə çevrilən Qarabağ problemi İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, sərkərdəlik məharəti nəticəsində 2020-ci ilin payızında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı azad olundu. Xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının xeyrinə başa çatdı. Nəzərə alsaq ki, Qarabağ problemi böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu bir məsələyə çevrilmişdi, o zaman onun həllinin nə qədər mürəkkəb olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Məhz qlobal siyasi prosesləri dərindən bilən, düzgün təhlil edən Prezident İlham Əliyevin müdrik qərarları nəticəsində Azərbaycan ordusu 44 gün ərzində şanlı Qələbə əldə etdi. “Dəmir yumruq”la düşməni əzən Ali Baş Komandan İlham Əliyev bununla da regionda yeni reallıqlar yaratdı. 44 günlük müharibədə Ermənistan elə bir zərbə aldı ki, erməni cəmiyyəti hələ də ümidsiz vəziyyətdədir. İki ildir ki, bu ölkədə vətəndaş qarşıdurması səngimək bilmir.

Azərbaycanda isə əksinə, inkişaf prosesi davam etdirilir. İşğaldan sonra doğma Qarabağda başladılan abadlıq-quruculuq işləri çərçivəsində bir sıra mühüm layihələr tamamilə başa çatdırılıb, digərləri isə davam etdirilir. Təkcə iki rayonda - Füzuli və Zəngilanda beynəlxalq hava limanları istifadəyə verilib. Laçın rayonunda isə hava limanının tikintisi davam etdirilir. Bütün Qarabağ ərazisində avtomobil və dəmir yollarının inşası davam edir, enerji və kommunikasiya xətləri qurulur, məktəblər, xəstəxanalar tikilir, məscidlər, tarixi abidələr bərpa edilir və s. Bu gedişlə yaxın 3-5 il ərzində bütün Qarabağ cənnətə çevriləcək. Onu da qeyd edək ki, yalnız Qarabağda deyil, ölkənin digər bölgələrində də quruculuq-abadlıq işləri davam etdirilir. Prezidentin bölgələrə müntəzəm səfərləri zamanı yeni obyektlər açılır, infrastruktur layihələrinin əsası qoyulur. Ölkədə elm və təhsilə, səhiyyəyə, hərbi sahəyə, mədəniyyətə, sosial-iqtisadi məsələlərə dövlət başçısının xüsusi diqqəti və qayğısı günü-gündən artır.

Prezident İlham Əliyev yalnız ölkədaxili məsələlərin həlli ilə məşğul olmaqla kifayətlənmir, eyni zamanda beynəlxalq aləmdə də fəal siyasət aparır, dövlətlərarası münasibətlərin, xüsusilə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əlaqələrin genişlənməsinə böyük töhfələr verir. Son vaxtlar Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm roy oynadığı müxtəlif xarici ölkələrin liderləri səviyyəsində etiraf olunur ki, bu da dediklərimizi təsdiq edir. Azərbaycanı beynəlxalq konfrans, simpozium və forumların mərkəzinə çevirən Prezident İlham Əliyev ölkəmizdə tolerantlığa, sülhə, dialoqa, bəşəri və milli dəyərlərə verilən yüksək qiyməti bütün dünyaya çatdırmaqda davam edir.

Əminəm ki, bir zamanlar Qarabağı azad edəcəyi vədini verən və onu həyata keçirən Müzəffər Ali Baş Komandan Zəngəzur, Göyçə və İrəvanla bağlı arzularımızı da reallaşdıracaq.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO