
Bakıda "İdrak" liseyində müəllimi güllələyən yeniyetmə ev dustaqlığına buraxılmayıb.
Report xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmədə iştirak etmir və nümayəndə ilə təmsil olunur.
Prosesdə təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib. Onun anket məlumatlarında qeyd edilib ki, 2010-cu ildə Sumqayıtda anadan olub, orada qeydiyyatdadır. Yeniyetmə "İdrak" liseyində 10-cu sinifində oxuduğunu bildirib.
İclasda elan olunub ki, məhkəmə prosesində yeniyetmənin qanuni nümayəndəsi qismində anası iştirak edir.
Yeniyetmənin vəkili Rəşad Mirmehdizadə onun yetkinlik yaşına çatmadığını əsas gətirərək məhkəmə baxışınının qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb.
Daha sonra vəkil müdafiə etdiyi yeniyetmə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.
O deyib ki, yemitmetə hadisəni törədən zaman məsələnin mahiyyətini başa düşməyib, peşmandır:
"Həmçinin zərərçəkmiş şəxslə qanuni qaydada barışıq əldə edilib. Yaşadığı yerdən arayış təqdim edilib. İngiltərədə kurs keçib, diplomlar və nailiyyətləri var. İdrak liseyində ingilis dilindən tərcüməçi kimi tədbirlərdə iştirak edib. Özünü saxlandığı yerdə müsbət aparır. İnternetdən və orada olan oyunlardan təsirə düşüb. Bir boşluğa düşüb. Ailəsi də bu hadisəni normal qəbul etmir. Sadəcə püxtələşmiş dövründə bir boşluğa düşüb. Bunun nəticəsində belə bir hadisə baş verib. Xahiş edirik ki, indiki mərhələdə barəsində həbs qətimkan tədbiri dəyişdirilsin".
Zərərçəkmiş şəxsin nümayəndəsi də təqsirləndirilən şəxsin qaldırdığı vəsatətə etiraz etməyib.
O bildirib ki, tərəflər arasında barışıq var:
"Bu səbəbdən təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasına etiraz etmirik".
Məhkəmə tərəfindən təmin edilməyib.
Məhkəmə baxışı iyulunn 1-ə təyin edilib.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.