
Bakıda qadına qarşı dələduzluq edən ər-arvad zərərçəkmiş şəxsə pulu qaytarmamaq üçün filmlərdə belə görünməyən plan qurublar.
Xitab24.az bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Məlum olub ki, Vidadi Veysəlovla arvadı Vüsalə Veysəlova “TikTok”da canlı yayım açaraq özlərini imkansız ailələrə yardım edən şəxs kimi göstəriblər. Bu zaman onların toruna Nəzakət Həsənli (bütün ad-soyadlar şərti qeyd olunub-red) düşüb. Həmin “TikTok” hesabında yazan Nəzakət yardım etmək istədiyini, təqdim olunan karta 20 manat göndərmək fikrində olduğunu bildirib.
Beləlikə onların dostluq münasibəti yaranıb. Ama bu münasibətdə Vidadi ilə Vüsalə özünü Nəzakətə bacı-qardaş kimi təqdim edib.
Günlərin birində isə Vüsalə Nəzakətə zəng edərək Vidadinin başına iş gəldiyini, təcili 1700 manata ehtiyacı olduğunu bildirib. Qadın borc taparaq Vüsaləyə həmin pulu göndərib, bir müddət isə məbləği geri itəyəndə isə əslində ər-arvad olan cütlük Nəzakətə qarşı plan qurublar.
Onlar Nəzakəti evə dəvət edərək, pulu verəcəyini bildirib. Bu zaman onun üçün tort da hazırlanıb. Ən maraqlısı odur ki, bu inanılmaz plana cütlüyün azyaşlı övladı da daxil edilib. Belə ki, Nəzakəti daha da inandırmaq üçün valideynləri uşağa öz atasına “dayı” deməsini öyrədib.
Tort kəsilən zaman isə özünü bacı kimi təqdim edən Vüsalə ərinin Nəzakətlə mehriban davanmasına, tortu sözdə qardaşı ilə birgə kəsməsinə şərait yaradaraq onların videosunu lentə alınıb. Bu video isə evli olan Nəzakətin şantaj edilməsi üçün onların əlində əsas vasitə olub.
Həmin gün aldığı pulu geri qaytarmayan cütlük, borcu daha sonra verəcəklərini bildiriblər. Bundan sonra Vidadi Nəzakətlə daha yaxından maraqlanmağa, onunla mehriban davranmğa başlayıb. Vidadi bir müddət sonra işə düşdüyünü, təcili 15 min manata ehtiyacı olduğunu bildirib. Qadın pulunun olmadığını desə də, Vidadi şantaj, hədə-qorxu üsuluna keçib. O, vatsapla Nəzakətə tapança, bıçaq şəkilləri ataraq, qadını öldürməklə hədələyib. Bundan başqa, o, pulu verməyəcəyi təqdirdə, tortu birgə kəsdikləri videonu ərinə göndərəcəyini deyib və nəticədə zərərçəkəndən bu üsulla 10 min manat almağı bacarıb.
Nəzakət hədə-qorxuların davam etdiyini gördükdən sonra polisə məlumat verib. Təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub. Ötən günlərdə başa çatan məhkəmədə ərlə arvada hökm oxunub. Hökmə əsasən, Vidadi Veysəlov 7 il 6 ay, arvadı Vüsalə Veysəlova isə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.