kanal1

Qərb İrəvanda “savaş masası” qurub: AB Qafqazda niyə yeni müharibə planını aktivləşdirir

Tarix:16-11-2023, 09:32
Baxış Sayı:26 786

Qərb İrəvanda “savaş masası” qurub: AB Qafqazda niyə yeni müharibə planını aktivləşdirir


ABŞ və Qərb Ermənistanı yeni savaşa hazırlayır, yəqin ki, yaxın vaxtlarda rəsmi İrəvandan Azərbaycana qarşı hərbi təxribatların törədilməsi ilə bağlı təlimat veriləcək... Yalnız bu halda, Qərb üçün Rusiyanın nəzarət zonası hesab olunan Cənubi Qafqazda “atəşkəs və ona nəzarət” bəhanəsi ilə hərbi kontingent yerləşdirmək şansı qazanma ehtimalı yarana bilər...
ABŞ və Qərbin Cənubi Qafqaz siyasəti hazırda kifayət qədər narahatlığa və şübhələrə yol açmaqdadır. Çünki bu siyasətin region dövlətlərinin milli maraqlarını nəzərə almadığı, əksinə, bəzi istiqamətlər üztə hətta ciddi şəkildə təhdid etdiyi açıq-aşkar müşahidə olunur. Yəni, Qərb siyasi dairələri üçün Cənubi Qafqazın gələcək taleyi demək olar ki, ön planda yer alan məsələ deyil. Və bu baxımdan, region ölkələrinin təhlükəli çağırışlara qarşı ortaq strategiya müəyyən etmələri indiki situasiyadan ən optimal çıxış yolu ola bilərdi.

Ancaq indiki mərhələdə Cənubi Qafqaz dövlətlərinin regional perspektivlərə ortaq yanaşma formatı tapması demək olar ki, mümkün deyil. Çünki region dövlətlərindən birisi – konkret olaraq, Ermənistan əslində, geopolitik alət rolunda çıxış etmək rolunu könüllü şəkildə öz üzərinə götürüb. ABŞ və Qərb isə rəsmi İrəvana nəzarət faktorlarının sırasını genişləndirdikcə, Cənubi Qafqaz planlarını Ermənistan üzərindən reallaşdırmağa cəhd göstərir. Və bu istiqamətdə artıq kifayət qədər məsafənin qət edildiyini də iddia etmək mümkündür.

Məsələ ondadır ki, hazırda Qərb tərəfindən Ermənistanın üzərinə “ikinci Ukrayna” modeli yüklənməkdə davam edir. Hər halda, Ermənistan indi dünyada Rusiya əleyhinə ən çox fəaliyyət göstərən dövlət statusu qazanmaq üzrədir. Rəsmi İrəvan ABŞ və Qərbin təlimatlarına uyğun olaraq, Rusiyanı boykot siyasəti yürüdür. Və Ermənistan rəsmiləri Kreml təmsilçilərinin iştirak etdiyi heç bir kollektiv toplantıya qatılmırlar.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Cənubi Qafqaz siyasətində iki istiqamət diqqəti çəkir. Belə ki, Ermənistanın süni şəkildə “sülhpərvər” obrazını yaratmağa çalışırlar. Rəsmi İrəvan hər imkanda Azərbaycanla yekun sülh sazişini imzalamağa hazır olduğunu vurğulayır. Ancaq hətta bu məsələnin ilin sonuna qədər həll edilə biləcəyini ön plana çıxartsa da, rəsmi İrəvan sülh sazişinin mətni üzərində müzakirələri artıq iki aydan çoxdur ki, dayandırıb. Və bu, Ermənistan üzərindən sülh sazişi ilə bağlı beynəlxalq manipulyasiya prosesinin başladıldığını göstərir.

Digər tərəfdən, ABŞ və Avropa mətbuatı üzərindən Azərbaycana qarşı hərbi-siyasi böhtan atılır. İsrarla iddia olunur ki, guya Azərbaycan yaxın vaxtlarda Ermənistanla yeni müharibəyə başlamağa hazırlaşır. Halbuki, rəsmi Bakı bu barədə əsassız iddiaları artıq bir neçə dəfə təkzib edib. Hətta vurğulayıb ki, Azərbaycan Zəngəzur dəhlizinə marağını itirib və İran üzərindən marşritun işə salınmasına üstünlük verir. Və bu baxımdan, hər hansı savaş ehtimalı ümumiyyətlə, mövcud deyil.

ABŞ və Qərbin bu şübhəli davranışlarının əsas səbəbləri isə nəhayət ki, aydınlaşmağa başlayıb. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə öz siyasi komandası ilə keçirtdiyi qapalı toplantısından məxfi məlumatlar erməni mediasına ötürülüb. Məlum olub ki, erməni baş nazir hökumət üzvlərinə Rusiyadan uzaqlaşmağın vacibliyini izah etməyə çalışıb. O, bildirib ki, Rusiyadan uzaqlaşmanın törədə biləcəyi təhlükələrdən narahat olmağa ehtiyac yoxdur. Çünki ABŞ və Qərb Ermənistana təhlükəsizlik təmanatı verib və bu vədlərin nədən ibarət olduğu tezliklə hər kəsə aydın olacaq.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın dedikləri artıq tədricən özünü doğrultmağa başlayıb. Belə ki, Fransa Ermənistana hərbi texnika daşıyır. ABŞ isə Ermənistanın maliyyə-iqtisadi problemlərinin həllinə dəstək verməyə hazır olduğu bildirilir. Eyni zamanda, Ağ Evin Ermənistan ordusunun hərbi texnika və silah-sursat, eləcə də digər hərbi ləvazimatlarla təmin edilməsini öz üzərinə götürdüyü iddia olunur. Və bu, ABŞ-ın Cənubi Qafqaz siyasətinin təhlükəli məzmun daşıdığını növbəti dəfə təsdiqləyir. Və eyni proses Avropa Birliyi tərəfindən də davam etdirilir.

Məsələ ondadır ki, Avropa Birliyi Ermənistanın hərbi ehtiyaclarının ödənilməsi üçün Avropa Sülh Fondundan maliyyə vəsaiti ayırmaq qərarına gəlib. Digər tərəfdən, Avropa Birliyi Ermənistana açıq siyasi dəstək verməklə yanaşı, Azərbaycana qarşı təhdidvari bəyanatlar da yayır. Bu qurumun Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulacağı təqdirdə, Azərbaycanla münasibətlərdə ciddi nəticələrin olacağını bəyan etməsi açıq, ancaq əsassız xəbərdarlıq kimi də yozula bilər.

Halbuki, rəsmi Bakı “Azərbaycanla heç kim təhdid ritorikasında danışa bilməz” açıqlaması ilə sərt reaksiya verib. Rəsmi Bakı Azərbaycana qarşı atılacaq istənilən qərəzli addıma dərhal cavab veriləcəyini vurğulamaqla, Avropa Birliyinə xəbərdarlıq etməkdə də qətiyyən gecikməyib. Və ona görə də, indi Qərb daha çox narahat olmalıdır, rəsmi Bakının heç kimdən çəkinmədiyini anlamalıdır.

Göründüyü kimi, ABŞ, Fransa və Avropa Birliyi bir tərəfdən Ermənistanı silahlandırmaq qərarına gəlib. Digər tərəfdənsə, Azərbaycana qarşı təzyiq göstərilməsinə cəhd edilir. Rəsmi Bakının sərt mövqeyi isə indiki situasiyada Qərbin maraqları qarşısında ən ciddi əngəl hesab oluna bilər. Və bu baxımdan, atılacaq növbəti addımlar da istər-istəməz narahatlıq doğurmağa başlayıb.

Belə anlaşılır ki, Cənubi Qafqazda sülh prosesinin uğuru hazırda ABŞ və Qərb tərəfindən ən son istəniləcək hədəfdir. Çünki ABŞ və Qərbə Cənubi Qafqazda hərbi kontingent yerləşdirmək üçün tutarlı bəhanə lazımdır. Həmin bəhanəni isə sülh masasında tapmaq mümkün deyil. Əksinə, Azərbaycana qarşı atılan böhtanlar onu göstərir ki, ABŞ və Avropa Birliyinə indi Cənubi Qafqazda silahlı toqquşmaların törədilməsi daha sərfəlidir. Yalnız bu halda, Rusiyanın nəzarət zonası hesab olunan bu regionda “atəşkəs və ona nəzarət” bəhanəsi ilə hərbi kontingent yerləşdirmək şansı qazanma ehtimalı yarana bilər.

Ona görə də, hazırda ABŞ və Avropa Birliyi öz maraqlarını təmin etmək məqsədilə, Brüsseldəki sülh masasını Ermənistana köçürərək, “savaş masası”na çeviriblər. İndi Qərb Ermənistanı yeni savaşa hazırlayır. Yəqin ki, yaxın vaxtlarda rəsmi İrəvana Azərbaycana qarşı hərbi təxribatların törədilməsi ilə bağlı təlimat veriləcək. Və bundan Qərbin maraqlarında geopolitik alət rolunu oynayan Ermənistanın sarsıdıcı nəticələrlə üzləşəcəyi isə qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO