kanal1

İrəvanın kənd iddiası: Yeni müharibəyə səbəb ola bilər - NƏ ETMƏLİ?

Tarix:7-12-2023, 14:22
Baxış Sayı:30 418



Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycana qarşı 31 kənd iddiası irəli sürməsi sülh prosesinə zərbə vura bilər.

Çünki Ermənistan bunu əsas gətirməklə Azərbaycanın işğal altında olan səkkiz kəndini qaytarmamaq istəyini nümayiş etdirir. Bu isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini göstərir. İşğal faktının davam etməsi sülh sazişinin mümkünlüyünü aradan qaldırır.

Ona görə də Ermənistan ilk növbədə, Qazax rayonun yeddi (Aşağı Əskipara, Yuxarı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, Qızıl Hacılı) və Sədərək rayonunun Kərki kəndini Azərbaycana qaytarmalıdır. Lakin rəsmi İrəvan müxtəlif manipulyasiyalar etməklə 109 kvadrat kilometr ərazinin işğalından imtina etmək istəmir.

Nikol Paşinyan hökuməti bəzən adıçəklilən kəndlərlə bağlı problemin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həllini təklif edir. Lakin buna yol verilə bilməz. Çünki sərhədlərin müəyyənləşməsi prosesinə başlanılmayıb. İkincisi, işğal olunmuş səkkiz kəndin 6-sı anklavdır. Bu faktı bəhanə edən Ermənistan sərhədlərin delimitasiyası prosesini 10 illərlə uzada bilər. Beləliklə, Ermənistan vaxt qazanmağa və kəndlərin ilhaqına nail olmağa çalışır.

Ermənistan kəndlərin qaytarılmasından yayınmaq üçün digər variant kimi Azərbaycana ərazi mübadiləsi şərtini irəli sürür. Bu da öz növbəsində, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini isbat edir.

Nikol Paşinyan bu məqsədlə əvvəlcə, guya Azərbaycan Ordusunun Qazax istiqamətində Ermənistanın Karvansaray (İcevan) rayonuna məxsus dörd anklav kəndini nəzarətdə saxladığına dair iddia irəli sürdü. Söhbət tarixi Azərbaycan torpaqları olan Bibiş (Berkaber), Hönüt (Ayqeovita), Lələkənd (Vazaşen) və Tatlı (Paravakar) kəndlərindən gedir. Paşinyan bundan başqa, işğal altındakı səkkiz kəndin qaytarılması müqabilində Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsini tələb edir.

Rəsmi İrəvan bunu Başkəndin Sovet dövründə Ermənistan SSR-in inzibati ərazisinə daxil olması ilə əsaslandırır. Eyni zamanda, Paşinyan Kəlbəcər istiqamətində yerləşən Gorus rayonunun Xəzinavar (Sotk-Xoznavar) kəndinin guya Azərbaycan ordusunun nəzarətinə keçdiyini deyir.

Lakin Azərbaycanın nəzarətində heç bir kənd olmadığından Ermənistanın bu iddiaları öz təsdiqini tapmadı.

Qeyd edək ki, tarixi Azərbaycan torpağı olan Başkənd 1920-ci ildə bolşevik Rusiyası tərəfindən qanunsuz olaraq Ermənistan SSR-in tərkibinə verilib. Yəni Başkəndin Ermənistana verilməsi qanunsuzdur. Birinci Qarabağ müharibəsi zamanı Başkənddə yaşayan ermənilər də separatizm hərəkatına qoşularaq silahlanıb və yolları bağlayıb.

Onlar Gədəbəy rayonunun digər kəndlərinə hücum edib dinc əhalini qətlə yetirib. Ona görə də Azərbaycan Ordusu 1992-ci ilin avqust ayında hərbi əməliyyat keçirərək Başkəndin terrorçulardan azad olunmasına nail olub.

İkincisi, Ermənistan Azərbaycana qarşı müharibə elan etməklə 1991-ci ildə müstəqillik əldə etdikdən sonra mövcud olan sərhədlərindən imtina edib. Ona görə də Başkənd məsələsinə yalnız Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində baxıla bilər.

Səkkiz kənd isə işağl olunduğundan hər hansı ərazi mübadiləsindən söhbət gedə bilməz və qeyd-şərtsiz geri qaytarılmalıdır. Azərbaycan həmin kəndləri güc yolu ilə azad etmək hüququndan istifadə edə bilər.

Xəzinəvar kəndinə gəlincə, hazırda həmin yaşayış məntəqəsində ermənilər yaşayır. Ermənistanın əsas məqsədi Xəzinəvar istiqamətində yerləşən Böyük İşıqlı və Kiçik İşıqlı yüksəkliklərinə nəzarəti ələ keçirməkdir.

Ona görə də Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin “güzgü” prinsipi əsasında həyata keçirlməsini, yəni Azərbaycan qoşunlarının simmetrik qaydada yerləşdiyi mövqelərdən bir neçə kilometr geri çəkilməsi şərtini irəli sürür.

İndi isə Ermənistan Milli Məclsinin sədri Alen Simonyan 31 kəndin Azərbaycanın nəzarətində olduğunu iddia edir.

“Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır, bu 31 kəndin qaytarılmasından da danışmalıyıq”, - deyə Simonyan bildirib.

Halbuki, Ermənistan tərəfi bu absurd fikri sübut etmək üçün həmin kəndlərin adlarını belə təqdim edə bilmir. Bununla da rəsmi İrəvan ilk növbədə, 8 kəndin işğalına bəraət qazandırmağa çalışır. İkincisi, erməni spikerin şantaj məqsədi daşıyan bu açıqlaması Ermənistanın Azərbaycandan mümkün qədər ərazi qoparmaq istəyindən xəbər verir.

Böyük ehtimalla, Paşinyan hakimiyyəti “31 kəndə” Başkəndi və 44 günlük müharibədən sonra Azərbaycan Ordusunun bərpa etdiyi dövlət sərhədlərinin keçdiyi əraziləri aid edir. Məqsəd 8 kəndin qaytarılmasını arxa plana keçirmək, Başkəndi almaq, Azərbaycan ordusunun Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətində nəzarətə götürdüyü yüksəklikləri, yəni Şurnux kəndi, Gorus-Qafan qolu, Eyvazlı kəndi, Böyük İşıqlı, Kiçik İşıqlı yüksəklikləri, Qaragöl gölü, Buğdadağ dağı və Bala Göyçə gölü ətrafındakı mövqelərindən geri çəkilməsinə nail olmaqdır.

Bütün bunlar isə Azərbaycan Konstitusiyasına və “Dövlət sərhədi haqqında” Qanuna ziddir. Çünki səkkiz kəndin mübadilə edilməsi və başqa dövlət tərəfindən ilhaqı Azərbaycanın dövlət sərhədlərinin dəyişdirilməsi deməkdir.

Azərbaycan Konstitusiyasına görə sərhədlərin dəyişdirlməsi yalnız ümumxalq səsverməsi-referendumla mümkün ola bilər. Doğma torpaqlarının Ermənistana verilməsinə isə Azərbaycan xalqı heç vaxt səs verməz. Eyni zamanda, Konstitusiyada qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz.

“Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir”.

“Dövlət sərhədi haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Eyni zamanda, həmin maddənin digər bəndində qeyd edilir ki, Azərbaycanın dövlət sərhədi müəyyən edilərkən və onun keçdiyi xətt dəyişdirilərkən, habelə həmsərhəd dövlətlərlə sərhəd məsələləri nizama salınarkən Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, dövlət suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi prinsipləri rəhbər tutulur.

Yəni işağal altındakı kəndlərin işğal altında qalması Azərbaycanın milli təhlükəsiliyinə, ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına ziddir.

Ona görə də Ermənistanın növbəti dəfə Azərbaycandan torpaq qoparmaq cəhdi müharibəyə və səkkiz kəndin güc yolu ilə azad edilməsinə səbəb ola bilər.

Müəllif: Müşfiq Abdulla - Mənbə: Cebhe.info

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO