kanal1

Putin Paşinyanı həm "öz ayağına" gətirdi, həm də aşağıladı: İrəvan ABŞ və Qərbi də məğluba çevirir

Tarix:27-12-2023, 09:00
Baxış Sayı:18 160

Putin Paşinyanı həm "öz ayağına" gətirdi, həm də aşağıladı: İrəvan ABŞ və Qərbi də məğluba çevirir


ABŞ və Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmaq planları qurarkən, əslində, reallaşması mümkün olmayan hədəflərə indeksləşib... Ukrayna savaşında təşəbbüsü Kremlə verməkdə olan kollektiv Qərbi bu dəfə Ermənistanda da Rusiyaya qarşısında məğlubiyyət gözləyir...
Rusiya-Ermənistan münasibətlərində çatlar artıq hər iki tərəf üçün taleyüklü həddə çatıb. Kreml Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan uzaqlaşdırma siyasətinə qarşı konkret addımlar atmaq məcburiyyətində qalmış kimi görünür. Və hesab etmək olar ki, Rusiya siyasi dairələri bu istiqamətdə ilk sərt addımı artıq atmış oldular.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son vaxtlar Rusiyanın patronajlığı altında olan bütün qurumların zirvə toplantılarını açıq-aşkar baykot edirdi. Bu, istər-istəməz Rusiyanın beynəlxalq imicini korlayırdı, nüfuzunu ciddi zərbə altında buraxırdı. Kremldə sinirlər tarıma çəkilmişdi və belə davam etməsinin mümkün olmayacağına eyham vurulurdu.

 Nə qədər qəribə də olsa, Paşinyan hakimiyyəti Kremldən çəkinməyini sübut etməyə çalışırdı. Hətta Rusiyanın daha heç bir dövlətə qarşı radikal addımlar atmaq imkanında olmadığını açıq mətnlə gündəmə gətirirdi. Nəticədə Rusiya ilə Ermənistan arasında mövcud olan çatlar dərinləşməklə yanaşı, artıq qopma nöqtəsinə yaxınlaşırdı. Və bu baxımdan, 2023-cü ilin sonuna nəzərdə tutulan zirvə toplantıları həlledici xarakter daşıyırdı.



Maraqlıdır ki, Paşinyan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ilsonu toplantısını yenə də baykot etdi. Ancaq bu qurumun rəhbər heyəti İrəvana səfər etməklə, Paşinyan hakimiyyətini qurumun Ermənistan üçün böyük önəm daşıdığını izah etməyə çalışdılar. Yəni, Paşinyan hakimiyyəti KTMT-ya yaxın getməsə də, KTMT Ermənistana gələrək, rəsmi İrəvanı heç yana buraxmayacağının açıq mesajını verdi.

Ancaq Kreml üçün istənilən halda, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfər etmək məcburiyyətində buraxılması artıq prinsipial məsələyə çevrilmişdi. İrəvandan verilən mesajlar Paşinyan hakimiyyətinin belə bir səfər niyyətindən uzaq olduğunu təsdiqləyirdi. Belə situasiyada Kreml Ermənistanın məhz Rusiyanın nəzarətində olan "axilles dabanları"ndan birinə sadəcə, yüngülcə zərbə vurdu.

Məsələ ondadır ki, rəsmi İrəvana baş nazir Nikol Paşinyanın Rusiyaya səfər etməyəcəyi təqdirdə, Ermənistana təbii qaz nəqlinin kəsiləcəyi, enerji resursları görə ödənişlərin dünya bazarları standartlarına uyğunlaşdırılacağı, yığılmış borcların tələb ediləcəyi bildirildi. Nəticəsi isə göz qabağındadır, erməni baş nazir artıq Rusiyaya səfərə gedib. Və bəzi məlumatlara görə, prezident Vladimir Putinlə qapalı görüşdə baş nazir Nikol Paşinyana Rusiya əleyhinə atılan israrlı addımların Ermənistana vəd etdiyi təhlükələr onun anlayacağı dildə izah edilib.

Belə anlaşılır ki, Kreml Paşinyan hakimiyyətinin cilovlanması əməliyyatına artıq start verib. İndi baş nazir Nikol Paşinyanın ABŞ və Qərbin qarşısında özünə necə haqq qazandırmağa çalışacağı da böyük maraq doğurmaqdadır. Halbuki, Roma statutunu ratifikasiya etməklə, öz üzərinə prezident Vladimir Putinin həbsi ilə bağlı beynəlxalq hüquqi öhdəlik götürmüş Ermənistanın baş naziri üçün Rusiya qarşısında daha ağır suallara cavab vermək məcburiyyəti də nəzərdən qaçırılmamalıdır. Və bu, o deməkdir ki, erməni baş nazir hamıdan faydalanmaq ümidi ilə yürütdüyü "xarici siyasət kursu" ilə əslində, Ermənistanı ümumi günahkar durumuna salmağı bacarıb.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan Rusiya səfərinə haqq qazandırmaq cəhdlərinə elə Avrasiya İqtisadi İttifaqının zirvə toplantısında çıxış edərkən başlayıb. O, bildirib ki, Avrasiya İqtisadi İttifaqının toplantısında iştirakı iqtisadi faktorlar ilə birbaşa bağlıdır. Erməni baş nazir iddia edib ki, bu qurumun fəaliyyətində hərbi-siyasi və geopolitik faktorlar heç bir rol oynamır. Yəni, erməni hiyləgərliyinə sığınmağa çalışan baş nazir Nikol Paşinyan ABŞ və Qərbə Rusiya əleyhinə kursa sadiq olduğunun mesajını verməyə çalışıb. Və bu, Kreml sahibinin qarşısında nümayiş etdirilən növbəti erməni riyakarlığının ən bəsit örnəklərindən biridir.

Məsələ ondadır ki, dünyada siyasətdən və geopolitikadan kənarda hər hansı iqtisadi fəaliyyət mövcud deyil. Hətta dünya ölkələri arasında siyasəti də, geopolitikanı da məhz iqtisadi maraqlar müəyyən edir. Bəzi ölkələr hətta öz geopolitik düşmənlərinə qarşı hərbi xarakterli bəzi əməliyyatları məhz iqtisadi alətlər üzərindən də reallaşdlra bilirlər. Yəni, erməni baş nazir nə qədər hiyləgər olsa da, "Rusiyaya iqtisadi hədəflər üçün gəlmişəm" siyasi manipulyasiyası ilə həm Qərbi, həm də Rusiyanı eyni vaxtda aldada bilməz.

Böyük ehtimalla ABŞ və Qərb Ermənistan iqtisadiyyatının Rusiyanın nəzarəti altında olduğunu bilir. Çünki Kremlin iqtisadi və enerji faktorlarına bağlı manevrlərlə Ermənistanı hər an diz çökdürə biləcəyi sübuta ehtiyacı olmayan bir reallıqdır. Elə erməni baş nazirin Rusiyaya səfər etməyə məcbur edilməsi də ABŞ və Qərb üçün Ermənistanın durumunu izah edir. Qərb siyasi dairələri nə qədər "xəyal" qursalar da Ermənistan Rusiyadan uzaqlaşa bilməz. Və bu, Qərbin Cənubi Qafqaz siyasətinin iflasa məhkum olduğunu da təsdiqləyir.

Belə anlaşılır ki, ABŞ və Qərbə sığınıb, Ermənistanı Rusiyadan uzaqlaşdırma təlimatlarını yerinə yetirməyə çalışın Paşinyan hakimiyyəti əslində, öz beynəlxalq tərəfdaşlarını məyus etmək məcburiyyətində qalıb. Belə ki, rəsmi İrəvanın ABŞ və Qərbin həmin təlimatlarını reallığa çevirmək şansı ümumiyyətlə, mövcud deyil. Ermənistan istəsə də, istəməsə də Rusiyaya itaət etməyə məhkumdur. Və Qərbin də bu reallığı dəyişmək imkanları yoxdur.

Buradan isə belə nəticəyə gəlmək olar ki, ABŞ və Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmaq planları qurarkən, əslində, reallaşması mümkün olmayan hədəflərə indeksləşib. Ukrayna savaşında təşəbbüsü Kremlə verməkdə olan ABŞ və Qərbi daha bir uğursuz nəticə gözləyir. Hər halda, Ukraynadan sonra, bu dəfə Ermənistan da ABŞ və Qərbi Rusiya qarşısında məğlub duruma salacaq. Prezident Vladimir Putinin "ipə-sapa yatmayan" baş nazir Nikol Paşinyanı məcburən "öz ayağına gətirərək", aşağılaması ABŞ və Qərbin Ermənistanda Rusiya ilə rəqabət şansının olmadığını göstərir.(musavat.com)

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO