kanal1

"Dəmir yumruq" bu dəfə Parisi vurdu: Bakı Fransanın "supergüc" statusunu əlindən alır

Tarix:29-12-2023, 09:39
Baxış Sayı:18 614

"Dəmir yumruq" bu dəfə Parisi vurdu: Bakı Fransanın "supergüc" statusunu əlindən alır


Fransanın Cənubi Qafqazda, eləcə də Azərbaycanda fəaliyyət göstərən kəşfiyyat şəbəkəsinin ifşa olunması gələcək regional proseslərin mahiyyətini elə indidən təyin edə biləcək bir hadisədir, rəsmi Bakı bununla Ermənistanın "bacısı"nı demək olar ki, tam məğlubiyyətə uğratmış oldu... Eyni zamanda, Fransanın beynəlxalq nüfuzu və imici də ciddi şəkildə korlandı, bundan sonra rəsmi Paris həm Azərbaycanla daha ehtiyatlı davranmalı olacaq, həm də beynəlxalq məkanda artıq supergüc olmadığı ilə barışmaq məcburiyyətində qalacaq...
Cənubi Qafqazda cərəyan edən geopolitik proseslər yalnız regional gərginliyin yüksəltməsi ilə qalmır. Bu proses həm də dövlətlərarası münasibətləri də pozmağa başlayıb. Hər halda, Azərbaycan-Fransa münasibətlərində yaşanan böhran bunu müəyyən mənada, təsdiqləmiş olur. Və hazırda bu iki ölkənin arasında əlaqələr az qala qopma nöqtəsinə yaxınlaşmağa başlayıb.

Ancaq Azərbaycan-Fransa qarşıdurmasının səbəbləri rəsmi Bakının mövqeyindən qaynaqlanmır. Əksinə, məhz rəsmi Paris vaxtilə daha yüksək səviyyədə olan Azərbaycan-Fransa münasibətlərini korlayacaq addımların atılmasında israrlı davranır. Və bu baxımdan, indiki situasiyanın həm səbəbkarı, həm də günahkarı məhz Makron hökumətidir.



Məsələ ondadır ki, Fransa 30 ilə yaxın bir müddətdə ABŞ və Rusiyayla birlikdə ATƏT-in Minsk Qrupuna həmsədrlik edib. Hər üç həmsədr ölkə ermənipərəst mövqe tutsalar da, bunu siyasi-diplomatik məkanda ört-basdır etməyi bacarıblar. Ancaq Azərbaycanın II Qarabağ savaşında tarixi hərbi zəfərindən sonra Fransa öz ermənipərəst mövqeyini açıq müstəviyə keçirib. Və rəsmi Paris Ermənistanın maraqlarına o qədər açıq dəstək verməyə başladı ki, rəsmi Bakı Fransanı ümumiyyətlə, Cənubi Qafqazdakı sülh prosesindən tamamilə kənarlaşdırmaq məcburiyyətində qaldı.

Həmin vaxtdan üzübəri Azərbaycan və Fransanın qarşılıqlı münasibətləri ardıcıl zərbələr almaqda davam edir. Rəsmi Paris Ermənistanın beynəlxalq himayəçisi rolunu öz üzərinə götürüb. Rəsmi Bakıya təzyiq göstərməyə cəhd edən Fransa hətta təkbaşına Azərbaycana qarşı mübarizə aparmaq niyyətinə düşüb. Hər imkanda Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələrin qəbul edilməsinə çalışır. Ancaq rəsmi Bakının çevik siyasi-diplomatik manevrləri Fransanın beynəlxalq məkanda məğlubiyyətini təmin edir.

Təbii ki, Azərbaycan diplomatiyası Fransanı məğlub etdikcə, rəsmi Paris daha da aqressivləşir. Azərbaycanın qətiyyəti və prinsipiallığı qarşısında nüfuzunu itirən Fransa Ermənistanı silahlandırmaqla cavab verməyə çalışır. Rəsmi Paris Ermənistanın hərbi gücünün artırılması sayəsində Cənubi Qafqazda qüvvələr nisbətini dəyişə biləcəyinə ümid bəsləyir.

Ancaq müşahidələr onu göstərir ki, rəsmi Parisin bütün cəhdləri iflasa uğramaqda davam edir. Çünki Azərbaycan keçmiş beynəlxalq nüfuzuna güvənən Fransaya kəskin müqavimət taktikasına üstünlük verir. Rəsmi Bakının beynəlxalq səviyyədə Fransanın müstəmləkəçilik siyasətini ifşa etməsi buna misaldır. Hazırda məhz Azərbaycanın açıq ittihamları beynəlxalq məkanda Fransanın müstəmləkəçilik siyasəti və Afrika ölkələrində törətdiyi soyqırımlar ciddi müzakirə mövzusuna çevrilib.



Ümumiyyətlə, son vaxtlar Fransa dövlətçiliyi kifayət qədər ağır tarixi mərhələdən keçməkdədir. Belə ki, bir tərəfdən Fransanın Afrika qitəsindən qovularaq, çıxarılması prosesi intensivləşib. Rəsmi Paris Fransa iqtisadiyyatı üçün ucuz xammal qaynağı rolunu oynayan Afrika ölkələrinə nəzarəti itirməkdə davam edir. Rəsmi Bakı bunu kompensasiya etmək üçün Cənubi Qafqaz və Orta Asiya regionlarına yerləşməyə can atır. Rəsmi Bakı isə Fransanın Cənubi Qafqaz planlarını bloklayır. Nəticədə Fransa həm Cənubi Qafqazdan kənarda qalır, həm də Orta Asiyaya keçid "pəncərə"sindən məhrum olur.

Belə anlaşılır ki, Makron hökumətinin səhvləri ucbatından Fransa Azərbaycanla faktiki olaraq, siyasi-diplomatik savaş içərisində çabalayır. Üstəlik, bu savaş ucbatından yalnız Fransanın maraqları ziyan çəkir. Bir tərəfdən, rəsmi Bakı Fransa şirkətləri ilə mövcud əməkdaşlığa yenidən baxmağa başlayıb.

Digər tərəfdən isə Fransa şirkətlərinin Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda yeni sərmayə cəhdləri bloklanır. Bu baxımdan, hesab etmək olar ki, Makron hökuməti yaxın gələcəkdə Fransanın bu regionda iqtisadi layihələri unutması lazım gələcək. Və rəsmi Bakı ilə münasibətləri normallaşdırmayacağı təqdirdə, Fransa bu regionda qazanc əldə edə bilməyəcək.

Məsələ ondadır ki, rəsmi Parisin Azərbaycana təzyiq göstərmək metodu ilə Cənubi Qafqazda hansısa hədəflərinə çatmaq şansı ümumiyyətlə, yoxdur. Ona görə də, Fransa birmənalı şəkildə rəsmi Bakı ilə anlaşma variantını sınaqdan çıxartmaq barədə düşünmək məcburiyyətindədir. Ən əsası isə rəsmi Paris Fransanın Cənubi Qafqaz siyasətini istənilən halda, Azərbaycanın milli maraqları ilə uzlaşdırmalı olacaq. Əks halda, rəsmi Paris beynəlxalq məkanda Azərbaycan-Fransa qarşıdurmasından başqa heç nəyə nail ola bilməz.

Eyni zamanda, Makron hökuməti Azərbaycanla qarşıdurmada Fransanın üstünlük qazanma imkanlarını da hesablamalı olacaq. Çünki hazırda Fransanın belə imkanlara malik olmadığını anlamaq o qədər də çətin deyil. Hər halda, rəsmi Bakının Fransaya ardıcıl siyasi-diplomatik zərbələri tam hədəfə dəydiyindən nəticə çıxartmaq imkanları daha genişdir.

Xüsusilə də, rəsmi Bakının Fransa səfirliyinin iki əməkdaşını konkret faktlarla ittiham edərək, persona non-qrata elan etməsi böyük önəm daşıyır. Azərbaycan dövləti bununla həm Fransaya, həm Ermənistana, həm də Qərbdə bəzi siyasi iradə mərkəzlərinə sərt xəbərdarlıq mesajları vermiş oldu. Ermənistan Fransaya güvənərək, Azərbaycanla sülh sazişindən yayınmağın nə qədər təhlükəli seçim olduğunu nəzərə almalı olacaq. Eyni zamanda, bəzi Qərb siyasi iradə mərkəzləri də Fransa örnəyindən nəticə çıxarmalıdır ki, rəsmi Bakı heç bir xarici gücün beynəlxalq nüfuzundan qətiyyən çəkinmir. Və Azərbaycanın milli maraqlarını təhdid edənlər Fransa örnəyi ilə üzləşməli olacaqlar.

Fransanın Cənubi Qafqazda, eləcə də Azərbaycanda fəaliyyət göstərən kəşfiyyat şəbəkəsinin ifşa olunması isə gələcək regional proseslərin mahiyyətini indidən təyin edə biləcək bir hadisədir. Rəsmi Bakı bununla Fransanı Cənubi Qafqazda demək olar ki, tam məğlubiyyətə uğratmış oldu. Eyni zamanda, Fransanın beynəlxalq nüfuzu və imici də ciddi şəkildə korlandı. Yəni, "Dəmir yumruq" bu dəfə rəsmi Parisi vurdu, indi Fransa həm Azərbaycanla daha ehtiyatlı davranmalı olacaq, həm də beynəlxalq səviyyədə supergüc olmadığı ilə barışmaq məcburiyyətində qalacaq.(musavat.com)

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO