kanal1

Azərbaycandakı dini konfessiyalar Trampa məktub ünvanladı

Tarix:18-02-2025, 09:50
Baxış Sayı:64 937

Azərbaycandakı dini konfessiyalar Trampa məktub ünvanladı


Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.

Məktubda deyilir:

“Azərbaycanın dini icmaları adından Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətinizin uğurlu başlaması münasibətilə səmimi təbriklərimizi çatdırmaq bizim üçün böyük imtiyaz və şərəfdir. Bu ali vəzifənizdə Sizə ən xoş arzularımızı, həmçinin bu ali vəzifəni Sizə etibar edən Amerika xalqına davamlı firavanlıq və rifah diləklərimizi bildiririk.

Müxtəlif dinlərə mənsub insanların tarixən sülh və harmoniya şəraitində birgə yaşayan Azərbaycanın dini liderləri olaraq, biz də bu fürsətdən istifadə edərək, Sizin Birləşmiş Ştatlarda ənənəvi dəyərlərin və dini etiqad azadlığının qorunması məsələlərinə sarsılmaz sadiqliyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Sizin din, ailə və əxlaq prinsiplərinə qəti sadiqliyiniz bütün dünyada milyonlarla insana ümid işığı tutur, yenidən mənəvi dəyərlərin və əxlaqi bütövlüyün təşviq edilməsinə xidmət edir.

Vətənimiz Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi nadir məkanlardan biridir. Biz fəxr edirik ki, dünyanın bir çox yerində islamofobiya, antixristianlıq və antisemitizm kimi etnik, dini və irqi ayrı-seçkiliyin artdığı bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər din ardıcıllarının həmişə harmoniya və firavanlıq şəraitində yaşadıqları bir nümunə kimi çıxış edir.

Azərbaycanda mədəniyyət ocaqları ilə yanaşı məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir. Dövlətimiz bütün dini icmalar üçün bərabər şərait yaradır, onların dini qurumlarını qayğı və himayə ilə dəstəkləyir, onlara mütəmadi olaraq maddi və mənəvi yardım göstərir, ölkənin ictimai həyatında fəal iştirakına təminat verir.

Müxtəlifliyin zəngin irsini qoruyub saxlayan, dini azadlıqları dəstəkləyən, qlobal dinlərarası dialoqda fəal iştirak edən Azərbaycan qlobal sülhə mühüm töhfə verir və nümunə kimi çıxış edir.

Bu dini harmoniyanın xüsusi diqqətə layiq nümunəsi əsrlər boyu təqib və ya ayrı-seçkilikdən azad bir mühitdə inkişaf edən Azərbaycanın yəhudi icmasıdır. Quba rayonundakı tarixi Qırmızı Qəsəbə müsəlman dünyasındakı ən qədim və ən böyük yəhudi icmalarından birinin məskənidir. Burada fəaliyyət göstərən sinaqoqlar, məktəblər və mədəniyyət mərkəzləri ilə bu məkan Azərbaycanın dini azadlıqlara sarsılmaz sadiqliyinin sübutudur. Bununla yanaşı, Azərbaycan hökuməti xristian və yəhudi dini qurumlarına böyük dəstək verir, onların Azərbaycanın vətəndaş və ictimai həyatında fəal iştirakını təmin edir.

Sizin Ağ Evin İnam Ofisini yaratmaq və keşiş Paula Uayt-Keyni baş məsləhətçi vəzifəsinə təyin etmək qərarınız imanı idarəçilik və ictimai həyata inteqrasiya etmək üçün güclü öhdəliyi əks etdirir. Onun dini etiqad azadlığı, humanitar hüquqlar və mənəvi dəyərlərin müdafiəsində liderliyi Azərbaycanda üstün tutduğumuz prinsiplərə uyğundur.

Biz qarşılıqlı anlaşma və ortaq dəyərləri təşviq etmək üçün Birləşmiş Ştatlardakı liderlər və təşkilatlarla əlaqə qurmağı səbirsizliklə gözləyirik. Ümidvarıq ki, Sizin rəhbərliyiniz altında bütün dünyada dinə əsaslanan icmalar möhkəmlənməkdə, dini azadlıqlar qorunub saxlanmaqda davam edəcək.

Bir daha səylərinizə görə dərin minnətdarlığımızı bildiririk. Qoy, Sizin prezidentlik dövrünüz hamı üçün birlik, mənəvi möhkəmlik və rifahın möhkəmləndirilməsində davamlı uğurlarla əlamətdar olsun.

Ən yüksək hörmət və xeyir-dualarla,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqazın baş müftisi
 
Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu
 
Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekti
 
Milix Yevdayev
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri
 
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudi İcmasının rəhbəri
 
Robert Mobili
Alban-Udi Xristian Dini İcmasının sədri
 
Zamir İsayev
Bakıdakı Yəhudi Sefardi Dini İcmasının rəhbəri”.

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək