kanal1

Hücum kartı niyə işə salınıb? - Moskvanın Bakıdan istəyi...

Tarix:1-07-2025, 11:44
Baxış Sayı:43 625

Hücum kartı niyə işə salınıb? - Moskvanın Bakıdan istəyi...


"AZAL-ın təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində gərginlik yüksələn xətlə davam edir, xüsusilə Azərbaycanın geri addım atmaması Kremldə imperativ narazılıqlar yaradıb və soydaşlarımıza hücumla “cəza aktı”na əl atırlar. Hərçənd, son günlərin siyasi gündəmi fonunda Kremlin qəzəbinin qorxudan qaynaqlandığı da görünür".

Bu fikiləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda mövqelərini bərpa etmək imkanından, regional kommunikasiyaların açılmasından – Zəngəzur dəhlizindən məhrum ola bilər:

"Ukrayna ətrafında danışıqlar prosesinin başlanması ilə Rusiya regiona – ilk öncə keçmiş forpostu olan Ermənistana qayıdış cəhdlərinə start verdi. Və xüsusilə iki amil önünü açır. Birincisi, Trampın gəlişindən sonra Qərbdə Ermənistan hakimiyyətinə verilən dəstəyin haçalanması, ikincisi, İran ətrafında çəmbərin daralması ilə Ermənistanın regionda Rusiya qarşısında alternativ dəstəyinin zəifləməsidir.

Moskva İran-İsrail müharibəsinə təkcə Ukrayna cəbhəsində yox, həm də Cənubi Qafqazda mövqelərini gücləndirmək imkanı olaraq baxırdı. Ermənistanda möhkəmlənir və 44 günlük müharibədən dərhal sonra yaranmış regional situasiyanı – Rusiya-Türkiyə tandemində balans arxitekturasını yenidən qurur, bununla Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiyanın bərpasında əsas pay sahiblərindən birinə çevrilir.

Bakı-Ankara-İrəvan xəttində baş verənlər Moskva üçün “soyuq duş” effekti yaradıb. İran ətrafında müharibə Ermənistanı regionda təklənmək riskini gücləndirdi və bu, İrəvanın Moskvadan uzaqlaşmaq xəttinə də problemlər yaradır. Paşinyan anlayır ki, rusların “geri dönüşü” onu çətin seçim qarşısında qoyacaq: ya kommunikasiyanın açılmasına rus qoşunlarının da yer aldığı ssenari ilə razılaşmalı – 10 noyabr bəyanatının 9-cu maddəsi – və “yeni Ermənistan” konsepsiyasından imtina etməli, ya da hakimiyyətinə yaranacaq təhdidlərlə mübarizə aparmalıdır. Bu situasiyada İrəvan üçün ən azından texniki baxımdan Vaşinqton və Brüssel regionda tarazlaşdırıcı güc rolunu oynaya bilmir. Yeganə qapı Ankaraya açılır, bu həm də Bakı ilə “ortaq dil”in tapılması imkanları yaradır. Türkiyə Ermənistanın Avropa bazarına çıxış ümidlərinin də yeganə marşrutudur".

A.Nərimanlı qeyd edib ki, 20 iyunda ilk dəfə Türkiyəyə səfər edən Nikol Paşinyanın məqsədi Ərdoğanla anlaşmaq, Moskva qarşısında regional balansı qorumaq, sərhədlərin açılması və Bakı ilə əsas ziddiyyətli məqam olan kommunikasiyanın açılmasında – Zəngəzur dəhlizində “ortaq məxrəc”in tapılması imkanlarını yoxlamaq idi:

"İrəvan anlayır ki, Bakı olmadan Ankara ilə anlaşa bilmək cəhdləri vaxt itirmək deməkdir. Ərdoğanın Paşinyandan bir gün öncə - 19 iyunda Əliyevlə bir araya gəlməsi də bunu təsdiq edir. Əslində Ərdoğan-Əliyev, Ərdoğan-Paşinyan görüşünə qədər kadr arxasında mümkün razılaşmaların hazırlandığı, liderlərin bu razılaşmaları müzakirə etdiyi istisna edilməməlidir.

Ehtimal olunan razılaşma: regional kommunikasiya – Zəngəzur dəhlizi artıq qüvvədən düşmüş 10 noyabr bəyanatından kənar formada, Rusiyanın iştirakı olmadan açılır. Ərdoğan-Əliyev, Ərdoğan-Paşinyan görüşündən dərhal sonra baş verənlər də bir neçə ehtimalı gücləndirir. 20 iyunda Naxçıvanın muxtariyyətinin ləğv edilməsinin başlanğıcı hesab oluna biləcək qərar verildi. Bu qərar gələcək təhlükələrə hesablanmış addım olmaqla yanaşı, Zəngəzur dəhlizinin açılması perspektivindən də qaynaqlanır.

Paşinyan Türkiyədən qayıtdıqdan dərhal sonra kilsənin - Ermənistanda Bakı və Ankara ilə anlaşmaya – belə bir anlaşma Zəngəzur dəhlizinin açılması ilə mümkün ola bilər – qarşı çıxacaq, eyni zamanda, hakimiyyətinə təhdid yaradacaq qüvvələrin neytrallaşdırılması istiqamətində hərəkətə keçdi.

27 iyunda Türkiyəyə səfər edən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan iki ölkə arasında ticarət dövriyyəsi və yük daşımaları ilə bağlı məsələləri müzakirə etdi. İstisna deyil ki, Bakı-Ankara-İrəvan xəttində Zəngəzur dəhlizi ilə bağlı anlaşma var. Mümkün anlaşmaya görə, Azərbaycandan Naxçıvana maneəsiz keçid “tranzit” adı ilə açılır. Burada “Kalininqrad modeli” üzrə, yəni “Azərbaycandan Azərbaycana prinsipi”nin tətbiqi mümkündür. Daşımaların sadələşdirilmiş rejimdə həyata keçirilməsi də variantlar arasında ola bilər, nəticə etibarilə “maneəsiz keçid” təmin olunacaq. Həm Rusiyanın oyundan çıxarılması, həm də Ermənistanda Paşinyana qarşı narazılığın neytrallaşdırılması üçün “dəhliz” terminindən imtina edilə bilər. Rusiyada azərbaycanlılara qarşı dövlət səviyyəsində edilən hücumların məhz bu hadisələrdən sonra baş verməsi təsadüfi deyil. 

Moskva regional kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçukla Bakıya mesajlarını, istəklərini göndərəcəkdi, bundan öncə azərbaycanlılara hücumun edilməsi təzyiqlə mövqeyini qəbul etdirməyə hesablanmış addım kimi görünürdü. Bu səfəri ləğv edən Azərbaycan adekvat addımlarla Rusiyaya geri çəkilməyəcəyini nümayiş etdirir.

Moskvaya qarşı həm Bakıda, həm İrəvanda dirəniş sərgilənməsi Cənubi Qafqazda güc balansının gələcəyini müəyyənləşdirəcək faktordur. Bakı-Moskva xəttində qarşıdurma kəskinləşərsə, Ankara diplomatik müstəvidə proseslərə müdaxilə edə bilər. Hadisələrin inkişafına Ermənistanın nə qədər müqavimət göstərə biləcəyi, Rusiya ilə separat danışıqlara gedib-getməyəcəyi yön verəcək".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi