kanal1

İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu

Tarix:25-06-2026, 09:12
Baxış Sayı:668

İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu


Cənubi Qafqaz növbəti dəfə böyük geosiyasi qarşıdurmanın episentrinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Son aylarda Ermənistanın Avropa İttifaqına ilə sürətlə yaxınlaşması, Brüsselin İrəvana siyasi, iqtisadi və institusional dəstəyinin artması Moskvanın sərt reaksiyasına səbəb olub. Rusiya rəsmilərinin ard-arda səsləndirdiyi xəbərdarlıqlar göstərir ki, Kreml Ermənistanın öz geosiyasi təsir dairəsindən çıxması cəhdlərini strateji təhlükə kimi qiymətləndirir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin İrəvana gözlənilən səfəri və Avropa İttifaqının Ermənistana ayırdığı yeni maliyyə paketləri, əslində təkcə iqtisadi əməkdaşlıq məsələsi deyil. Bu, Avropa ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən daha böyük geosiyasi mübarizənin tərkib hissəsidir. Məhz buna görə də Moskvanın reaksiyası adi diplomatik narazılıq çərçivəsini çoxdan aşmağa başlayıb.


Kremlin xəbərdarlıqları təsadüfi deyil


Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistanın “Ukrayna taleyini yaşaya biləcəyi” barədə açıqlaması təsadüfi ifadə sayıla bilməz. Bu bəyanat Kremlin İrəvanın xarici siyasət kursunu dəyişməsindən ciddi narahat olduğunu göstərir.


Y.Uşakovun fikirlərində diqqəti çəkən məqam ondan ibarətdir ki, Moskva Ermənistan cəmiyyətində tarixə, coğrafiyaya və ənənəvi müttəfiqlik münasibətlərinə yenidən baxılması meyllərini təhlükəli proses kimi qiymətləndirir.


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ursula fon der Lyayenin Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı məktubda yazılan fikirləri sərt tənqid etməsi də eyni narahatlığın ifadəsidir. Lavrovun “rəngli inqilablar” və “məxməri inqilablar” barədə söylədikləri Kremlin Avropa İttifaqını postsovet məkanında geosiyasi rəqib kimi qəbul etdiyini bir daha göstərir.


Əslində Moskvanın narahatlığının səbəbi sadədir. Ermənistan uzun illər Rusiyanın hərbi, siyasi və iqtisadi təsir sisteminin mühüm elementlərindən biri olub. İndi isə İrəvanın Qərbə inteqrasiya istiqamətində atdığı addımlar Kremlin regional mövqelərinin zəifləməsi kimi qəbul edilir.


Ermənistan geosiyasi seçim qarşısında


Bu gün Ermənistan faktiki olaraq iki geosiyasi qütb arasında seçim etməyə çalışır. Bir tərəfdə təhlükəsizlik sistemləri, iqtisadi əlaqələr və tarixi münasibətlərlə bağlı olduğu Rusiya var. Digər tərəfdə isə maliyyə dəstəyi, siyasi himayə və inteqrasiya perspektivləri vəd edən Avropa İttifaqı dayanır. Lakin problem ondadır ki, Ermənistanın bu keçid prosesi sakit və ağrısız baş vermir.


Rusiya artıq iqtisadi rıçaqlardan istifadə etməyə başlayıb. Ermənistan məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşdırılması, tranzit problemlərinin yaradılması və müxtəlif ticarət məhdudiyyətləri bunun ilk əlamətləridir.


Brüssel isə buna cavab olaraq Ermənistana milyonlarla avroluq maliyyə yardımları ayırır. Avropa Komissiyasının rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsi Avropa üçün strateji əhəmiyyət daşıyır. Beləliklə, Ermənistan artıq iki böyük geosiyasi mərkəzin rəqabət deyil, savaş meydanına çevrilib.


Risk təkcə Ermənistan üçün deyil


Ən təhlükəli məqam isə odur ki, bu qarşıdurmanın nəticələri yalnız Ermənistanla məhdudlaşmaya bilər. Cənubi Qafqaz onsuz da müxtəlif qlobal və regional maraqların kəsişdiyi mürəkkəb geosiyasi məkandır. Burada Rusiya, Avropa İttifaqı, ABŞ, Türkiyə, Çin,  İran və digər güclərin maraqları toqquşur. Əgər Ermənistan-Rusiya münasibətlərində böhran daha da dərinləşərsə, bu, regionda yeni siyasi və iqtisadi gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər. Nəqliyyat-kommunikasiya layihələri, enerji marşrutları, ticarət əlaqələri və təhlükəsizlik məsələləri bu prosesdən birbaşa təsirlənə bilər.


Böyük güclərin rəqabətinin kəskinləşməsi region ölkələrinin seçim imkanlarını daralda, onları əlavə təzyiqlərlə üz-üzə qoya bilər. Tarix dəfələrlə göstərib ki, kiçik dövlətlər böyük güclərin geosiyasi qarşıdurmasının ön xəttinə çevrildikdə ən böyük zərəri məhz həmin ölkələrin özləri çəkirlər.


Ermənistan üçün ən böyük sınaq


Bu gün Ermənistanın qarşısında duran əsas vəzifə geosiyasi seçim etməkdən daha çox, geosiyasi qarşıdurmanın qurbanına çevrilməməkdir.


İrəvanın Avropa ilə əməkdaşlıq etməsi onun suveren hüququdur. Lakin eyni zamanda regionun geosiyasi reallıqları da nəzərə alınmalıdır.


Ukrayna müharibəsinin fonunda Rusiya postsovet məkanında təsir imkanlarının azalmasına son dərəcə həssas yanaşır. Məhz buna görə də Kremlin Ermənistanla bağlı ritorikası getdikcə sərtləşir. Bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyini indidən söyləmək çətindir. Ancaq bir həqiqət artıq aydındır: Ermənistan təkcə öz gələcəyini deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi sabitliyinə təsir edə biləcək mürəkkəb bir yol ayrıcına gəlib çıxıb.


Əgər böyük güclərin rəqabəti nəzarətdən çıxarsa, bunun yaratdığı siyasi, iqtisadi və təhlükəsizlik riskləri regionun bütün ölkələri üçün yeni problemlər yarada bilər. Məhz buna görə də Cənubi Qafqazın gələcəyi xarici güclərin qarşıdurma meydanına deyil, əməkdaşlıq və qarşılıqlı maraqların uzlaşdırıldığı məkana çevrilməsindən keçir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi