kanal1

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR

Tarix:31-05-2023, 11:31
Baxış Sayı:126 247



Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubu təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev.

Sizə Bakı Enerji Həftəsi ilə bağlı ən xoş arzularımı çatdırıram. İqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi iki aktual çağırışın olduğu vaxtda Bakı Enerji Həftəsinin dövlət və özəl sektoru təmsil edən beynəlxalq düşüncə liderlərini bir araya gətirməsi heç vaxt olmadığı qədər önəmlidir.

Etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir. Təchizatın şaxələndirilməsi enerjinin Rusiya tərəfindən geosiyasi silah kimi istifadəsinə son qoyulması baxımından əhəmiyyətlidir.

Mən, həmçinin Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətindəki səylərinizi alqışlayıram. Bu məqsədlərə nail olmaq üçün enerjinin ötürülməsi sahəsində avropalı tərəfdaşlarla əməkdaşlıq əhəmiyyətli olacaqdır. Azərbaycandan Avropaya bərpaolunan elektrik enerjisinin nəqlini hədəfləyən Cənub Qaz Dəhlizinin Yaşıl Enerji və Qara dəniz sualtı kabel layihəsi üzrə ilk Məşvərət Şurasının yaradılması xüsusilə ümidvericidir.

Ötən iki il ərzində Birləşmiş Krallıq imkanların artırılması və maariflənmə proqramları vasitəsilə Azərbaycanın enerji keçidini dəstəkləmişdir. Bu təşəbbüslər Azərbaycanın daha dayanıqlı enerji gələcəyinin təmin edilməsi ilə yanaşı, iqlim dəyişikliyinin təsirinə qarşı çevikliyini gücləndirəcəkdir. Biz belə təşəbbüslərin bəzilərinin vacib elementlərini özündə əks etdirən yeni nəşri Bakı Enerji Həftəsi çərçivəsində təqdim edəcəyik. Nəşrdə enerji keçidi ilə bağlı müəyyən çağırışların öhdəsindən gəlmək üçün Britaniya şirkətlərinin Azərbaycana hansı köməyi göstərə biləcəyi işıqlandırılacaqdır.

Bu fürsətdən istifadə edərək, təmiz enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə sahəsində kollektiv səylərimizin sürətləndirilməsi məqsədilə Birləşmiş Krallığın enerji sektorunda Azərbaycan və beynəlxalq tərəfdaşlarla birgə işləməyə sadiqliyini bir daha vurğulayıram.

Bakı Enerji Həftəsinin kifayət qədər uğurlu olacağına ümidvaram.

Hörmətlə,

Rişi Sunak

Böyük Britaniyanın Baş naziri”

***

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubu təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi bir vaxtda Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb.

Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir.

Bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik.

Hörmətlə,

Cozef R.Bayden

Amerika Birləşmiş Ştatlarının Prezidenti”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi