kanal1

Aqiyə Naxçıvanlı: “Xocalı qətliamını törədənlər öz layiqli cəzalarını mütləq alacaqlar”

Tarix:19-02-2024, 17:39
Baxış Sayı:4 086

Aqiyə Naxçıvanlı: “Xocalı qətliamını törədənlər öz layiqli cəzalarını mütləq alacaqlar”


“1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. İlk dəfə Xocalı faciəsinə siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev demişdir: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Məhz Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul etdi. Həmin Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Qeyd etmək lazımdır ki, Erməni şovinizmi bu etnosun hələ çar Rusiyasının imperiya siyasətinə uyğun olaraq iki yüz il bundan əvvəl Cənubi Qafqaza, Azərbaycanın tarixi ərazilərinə köçürüldüyü dövrdən bu günümüzə qədər hər zaman bütün region xalqları üçün ən böyük təhdidlərdən biri olub. Terror, kütləvi qırğınlar, yerli əhalinin zorla deportasiya olunması erməni faşizminin ən çox istifadə etdiyi üsullardan olub. Bütün dövrlərdə ermənilərin ən çox hücumlara məruz qoyduqları isə, məhz Azərbaycan xalqı olub. O cümlədən, 1988-ci ildə erməni millətçiləri keçmiş Ermənistan SSR-nin ərazisində öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlını bu yerlərdən qovmaqla Ermənistanı Cənubi Qafqazda yeganə, dünyada isə nadir hallarda rast gəlinə biləcək monoetnik dövlətə çevirdilər. Bundan sonra sovet dönəmində heç bir əsas və zərurət olmadan, süni şəkildə yaradılmış qondarma “Dağlıq Qarabağ” ətrafında başlanan hadisələr “dənizdən dənizə Ermənistan” adlı mifik bir ideyanın reallaşdırılmasına yönəldildi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat bildirib ki, həmin hadisələrdən başlayan və 30 ilə yaxın müddət davam edən mürtəce proseslərin ən qanlı təzahürlərindən olan Xocalı soyqırımı da bu vəhşiliyin bir təcəssümü olaraq baş verib: “Artıq bütün dünya bilməlidir ki, Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Erməni işğalından sonra Xocalıda bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.”

Daha sonra A.Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, keçən il Prezident İlhm Əliyev işğaldan azad edilmiş Xocalıda Azərbaycan bayrağını qaldırmaqla bütün şəhidlərimizin ruhunu şad etdi: “Artıq uzun müddətdir ki, Azərbaycan tərəfindən Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün çatdırılması və günahkarların layiqli cəzalandırılması istiqamətində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü addımlar atılır. Məhz bu səylərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Lakin bütün bunlarla yanaşı Azərbaycan özü cinayətkarların cəzalandırılması və ən əsası da gələcəkdə xalqımıza qarşı belə cinayətlərə heç bir halda yol verilməməsi məqsədilə gərəkən tədbirləri görmüşdür. 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilmiş günahsız insanların qanını düşməndən döyüş meydanında aldı. Keçən il isə, 19 sentyabr antiterror tədbirinin nəticəsi olaraq Qarabağda separatçılığın və terrorçuluğun kökü birdəfəlik kəsildi. Oktyabrın 15-də Xocalıda müqəddəs bayrağımızı ucaldan cənab Prezident İlham Əliyev bütün şəhidlərimizin ruhunu şad etdi. Azərbaycan Xocalı faciəsini heç zaman unutmayacaq, bu qırğını törədənlər isə öz layiqli cəzalarını mütləq alacaqlar”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO