kanal1

Paşinyan Ermənistanı özü vurdu: BMT "Xankəndidə erməni var, problemsə yoxdur" qənaətinə gəldi

Tarix:18-08-2023, 10:00
Baxış Sayı:29 964

Paşinyan Ermənistanı özü vurdu: BMT "Xankəndidə erməni var, problemsə yoxdur" qənaətinə gəldi


Rəsmi Bakı Azərbaycan diplomatiyasının timsalında Ermənistana qarşı növbəti beynəlxalq zəfərini qazandı... Azərbaycanın xarici dostları, xüsusilə də, Qoşulmama Hərəkatındakı tərəfdaşları Ermənistanı və beynəlxalq ermənipərəst dairələri məğlub etdilər...
Ermənistanın növbəti beynəlxalq propoqanda avantürası iflasa uğradı. Halbuki, rəsmi İrəvan Azərbaycana qarşı başlatdığı beynəlxalq propoqandaya böyük ümidlər bəsləyirdi. Hətta Ermənistanın siyasi dairələri Azərbaycana qarşı total hücumun nəticələrini əvvəlcədən təxmin etməyə də çalışırdılar. Və nəhayət ki, Azərbaycanı çətin vəziyyətə salmaq şansı qazandıqlarını düşünürdülər.

Ancaq Paşinyan hakimiyyətinin rəsmi Bakıya qarşı qurduğu planın əvvəlki mərhələləri kimi, son etapı da uğursuz oldu, hətta Ermənistan üçün biabırçı nəticələr ilə yekunlaşdı. Belə ki, rəsmi İrəvan BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana sarsıdıcı zərbə vurmaq niyyətində idi. Uzun müddət sülh danışıqlarında məğlub ölkə durumunda olan Ermənistan BMT-nin Təhlükəsizlik Şurasında Laçın postunun ləğvi ilə bağlı məsələnin müzakirəsinə nail olmaqla, bu vəziyyəti dəyişməyə can atırdı. 

Rəsmi İrəvanın müraciəti ilə keçirilən BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin nəticələri artıq məlum olduğundan indi ümumi situasiya daha aydın xarakter daşıyır. Paşinyan hakimiyyəti qarşıya qoyduğu hədəflərə demək olar ki, çata bilmədi. Əksinə, Ermənistanın içərisində olduğu əlverişsiz durum daha da ağırlaşdı.



Düzdür, Paşinyan hakimiyyəti nəhayət ki, Qarabağ və Laçın yolu ilə bağlı mövzuları BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu beynəlxalq platformaya çıxartmağa nail oldu. Ancaq rəsmi İrəvanın bundan başqa əldə etdikləri barədə Ermənistanı qane edəcək hansısa məqamı vurğulamaq qətiyyən mümkün deyil. Çünki BMT Təhlükəsizlik Şurasında sadəcə, müzakirələr oldu. Yəni, yığışdılar, danışdılar, sonra isə dağılışdılar.

Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT Təhlükəsizlik Şurasında heç qərar və ya qətnamə qəbul olunmadı. Bu isə o deməkdir ki, Azərbaycana qarşı hər hansı tələb irəli sürülməyib, öhdəlik müəyyən olunmayıb. Halbuki, erməni siyasi dairələri müzakirələr ərəfəsində rəsmi Bakının BMT Təhlükəsizlik Şurasında qəbul ediləcək qərarı icra etmək məcburiyyətində qalacağını iddia edirdilər.

Digər tərəfdən, Ermənistan müzakirələr zamanı ardıcıl olaraq, sarsıdıcı siyasi zərbələrə məruz qalmış oldu. Belə ki, əksər dövlətlərin təmsilçiləri "Dağlıq Qarabağ" deyil, Qarabağ ifadəsindən istifadə etdilər. Bu isə erməni siyasi terminologiyasının ən nüfuzlu beynəlxalq platformada öz əhəmiyyətini itirməsi anlamına gəlir.

Daha bir önəmli məqam Ermənistanın iddialarının əksinə olaraq, Laçın postunun ləğvi ilə bağlı tələbə verilən reaksiyadır. Çünki Laçın yolundan istifadənin vacibliyi vurğulansa da, Laçın postunun ləğvi tələb edilmədi. Üstəlik, Laçın yolu barədə danışılarkən, bir sıra ölkələrin təmsilçiləri açıq şəkildə Ağdam-Xankəndi marşrutuna yönəltməyin önəmli olduğunu da vurğuladılar. Bu isə rəsmi İrəvanın istəməyəcəyi bir məqamdır.



Belə anlaşılır ki, Ağdam-Xankəndi yolu ilə bağlı Azərbaycanın təklifləri beynəlxalq məkanda pozitiv və proqressiv variant kimi qəbul edilir. Yəni, rəsmi Bakı bu variantı beynəlxalq gündəmə çıxartmağa artıq nail olub. Paşinyan hakimiyyətinin bu variantdan imtina etməsi bundan sonra çox çətin olacaq və hətta Ermənistanın əleyhinə çevriləcək faktor rolunu oynayacaq. Və bu, şübhəsiz ki, Azərbaycan diplomatiyasının böyük uğurudur.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin "Stepanakert" deyil, Xankəndi ifadəsini istifadə etməsi Ermənistanın mövqelərinə sarsıdıcı zərbə xarakteri daşıyır. Çünki bu, o deməkdir ki, beynəlxalq məkanda erməni yalanları artıq yetirmir. Qarabağın Azərbaycan ərazisi, Xankəndinin isə Azərbaycan şəhəri olduğunu açıq şəkildə təsdiqləyirlər. Və bu, Ermənistanın iddialarının tamamilə iflas etməsi anlamına da gəlir.

Bütün bunlar onu göstərir ki, BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr Ermənistanın tam məğlubiyyəti ilə nəticələnib. Bu müzakirələri belə izah etmək olar ki, Ermənistan BMT Təhlükəsizlik Şurasından "Qarabağ Azərbaycandır" mesajı aldı. Üstəlik, Ermənistan həm də dolayısı ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ölkə durumuna da düşmüş oldu. Və bundan sonrakı proseslərdə rəsmi İrəvan daha ağır şərtlərlə barışmaq məcburiyyətində qalacaq.

Məsələ ondadır ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasındakı müzakirələrdən əliboş ayrıldı. Üstəlik, rəsmi İrəvanın ənənəvi iddiaları bu müzakirələr sayəsində hətta sıfırlanma nöqtəsinə gəlmiş oldu. Deməli, rəsmi İrəvan yaxın vaxtlarda Azərbaycanın diqtə etdiyi bütün şərtləri qəbul etməyə də artıq dərhal hazırlaşmağa başlamalıdır.



Böyük ehtimalla Laçın yolu ilə bağlı mövzu artıq bitdi. Ermənistan həmin yoldan istifadə edə bilməyəcək. Paşinyan hakimiyyəti yaxın günlərdə "humanitar yük" karvanını da İrəvana doğru geri çevirməli olacaq. Çünki bu məsələ ilə bağlı Ermənistanın xeyrinə ola biləcək hər hansı məqam qalmadı. Ağdam-Xankəndi yolundan istifadə isə indi qaçılmaz xarakter daşıyır. Və bu yol erməniləri yalnız Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətinə aparacaq.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərarlar, hətta sanksiyalar xəyalı qursa da, əslində, Ermənistanın durumunu daha da ağırlaşdırdı. Yəni, rəsmi İrəvan Azərbaycana hücum hazırlayarkən, demək olar ki, Ermənistana zərbə endirdi. Paşinyan hakimiyyəti son vaxtlara qədər ənənəvi iddialarını BMT Təhlükəsizlik Şurasında əldən verib geri döndü.

Rəsmi Bakı isə Azərbaycan diplomatiyasının timsalında Ermənistana qarşı növbəti zəfərini qazandı. Azərbaycanın beynəlxalq dostları, xüsusilə də, Qoşulmama Hərəkatındakı tərəfdaşları Ermənistanı və beynəlxalq ermənipərəst dairələri məğlub etdilər. İndi rahatlıqla demək olar ki, Xankəndidə hələlik erməni var, ancaq problem yoxdur.(musavat.com)

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO